Siyası Online Qəzet

Yüksələn xəttlə inkişaf edən Azərbaycan-Ruminiya əlaqələri  

 

Azərbaycan ilə qardaş Rumıniya arasında münasibətlərin əsası hələ Orta əsrlərdə qoyulmuşdur. Azərbaycan hökmdarı Uzun Həsənin dövründən başlayan bu əlaqələr  Səfəvilərin hakimiyyəti illərində də davam etmişdir. Tarixin müxtəlif çağlarında inkişaf edən bu əlaqələr hər iki ölkənin müstəqilliyə qovuşmasından sonra keyfiyyətcə yeni mərhələyə yüksəldi.

Rumıniyanın beynəlxalq səviyyədə əməkdaşlığa maraq göstərdiyi ölkələr arasında Azərbaycan xüsusi yer tutur. Rumıniya Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb. 1997-ci ildə Rumıniyanın Azərbaycanda səfirliyi, 2001-ci ildə isə Şərqi Avropa dövlətlərində ilk dəfə olaraq Azərbaycanın Rumıniyada səfirliyi açılıb. 1995-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Rumıniyaya rəsmi səfər edib. Rumıniya Prezidenti İon İliyesku ilə görüşən Heydər Əliyev Rumıniya prezidentinin onu bu ölkəyə səfərə dəvət etməsini iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün çox mühüm addım kimi qiymətləndirib. Prezident Heydər Əliyevin Rumıniyaya səfəri zamanı Azərbaycan və Rumıniya arasında dostluq və əməkdaşlıq münasibətləri haqqında Bəyannamə, eləcə də elm, təhsil, mədəniyyət və idman, həmçinin iqtisadi və elmi – texniki əməkdaşlıq haqqında sazişlər imzalanıb.

2003-cü ilin oktyabrında cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Rumıniya ilə əlaqələr uğurla inkişaf etdirildi. 2004-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfər etdi. Görüşlər zamanı Azərbaycan ilə Rumıniya arasında ikitərəfli əlaqələrin perspektivləri, regional əməkdaşlıq, beynəlxalq məsələlər ətrafında geniş müzakirələr aparıldı. Səfər zamanı iki ölkə arasında 11 sənəd imzalandı. 2009-cu il sentyabrın 28-də Buxarestdə iki ölkə prezidentləri tərəfindən “Rumıniya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın qurulması haqqında Bəyannamə” imzalandı. Bu, Azərbaycanın Avropa Birliyinə üzv dövlət ilə bağladığı ilk strateji tərəfdaşlıq müqaviləsi idi.

Ötən dövrdə Azərbaycan və Rumıniya arasında ümumilikdə 61 sənəd imzalanıb, hazırda isə bir sıra əməkdaşlıq sənədlərin layihələri hazırlanır. Bu amil əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmışdır.

Ölkələrimiz arasında mədəni əlaqələr getdikcə genişlənir. Bakıda “Azərbaycan – Rumıniya dostluq cəmiyyəti”, Buxarestdə isə “Rom-Azer” Rumıniya – Azərbaycan dostluq cəmiyyəti fəaliyyət göstərir. 2006-cı ildə məşhur rumın bəstəkarı J.Eneskuya Bakının Binəqədi rayonunda abidə ucaldılıb. Tanınmış jurnalist Minodor Mitrikanın Azərbaycanın tarixinə, müstəqillik dövründə əldə etdiyi nailiyyətlərə, Heydər Əliyevin həyat və siyasi fəaliyyətinə həsr edilmiş “Azərbaycanın dirçəlişi” kitabı rumın və ingilis dillərində çapdan çıxıb. Böyük Azərbaycan şairi Məhəmməd Füzuli Rumıniyada rumın dilinə tərcümə edilmiş yeganə klassik şairdir. Yazıçı Anarın, Çingiz Abdullayevin, Elçinin əsərləri, B. Vahabzadənin poemaları rumın dilinə tərcümə edilib və çap olunub.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər.

Hazırda Rumıniya-Azərbaycan iqtisadi münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. Belə ki, enerji, nəqliyyat, kənd təsərrüfatı, elm, təhsil, əmək və sosial müdafiə, səhiyyə, mədəniyyət, turizm və s. sahələrdə Azərbaycan-Rumıniya əməkdaşlığı ildən-ilə genişlənməkdədir. Müstəqilliyə qədəm qoyandan bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. ARDNŞ Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən 16 yanacaqdoldurma məntəqəsi açmışdır.

İki ölkə arasında fəaliyyət göstərən Müştərək Komissiya əməkdaşlığın gücləndirilməsinə etibarlı zəmin yaratmışdır. 2022-ci ilin iyunun 23-də Bakıda Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın altıncı iclası keçirildi və qeyd edildi ki, son zamanlar qarşılıqlı ticarət əlaqələrində müsbət addımlar müşahidə olunur.

02 fevral 2023-cü ildə Azərbaycan Respublikasına rəsmi səfərə gələn Rumıniya Prezidenti Klaus Yohannisin iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti vurğulanmış və hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirildiyi bildirildi.

Görüş zamanı ötən il “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının əhəmiyyəti qeyd olundu, bu tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi bildirildi. Xüsusilə Avropanın enerji təminatının yaşıl enerji mənbələri hesabına həyata keçirilməsinin əhəmiyyəti vurğulandı və bu işə Azərbaycanın mühüm töhfəsi qeyd olundu. Görüşdə ikitərəfli münasibətlərlə bağlı da fikir mübadiləsi aparıldı.

Bütün bu səfər və səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasında mövcud olan davamlı dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinin və bariz nümunəsidir.

Elxan Quliyev

Əməkdar müəllim