Azərbaycan – Serbiya dostluq və strateji tərəfdaşlıq müasibətləri
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra dünya dövlətləri ilə əlaqələrin qurulmasına önəm verir. Müxtəlif regional və qlobal səviyyəli beynəlxalq təşkilatlarda fəal təmsil olunur. Respublikamızın milli və dövlət maraqlarının daha dolğun ifadəsinə və təmininə xidmət edən beynəlxalq əməkdaşlıq ölkəmizin xarici siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir. Son illərdə dünya dövlətləri arasında münasibətlər daha da sıxlaşır, iqtisadi, mədəni, siyasi münasibətlər müstəvisində uğurlar əldə olunur. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Serbiya Respublikası ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin vacib istiqamətlərindən biridir. İki ölkə arasında münasibətlərin inkişafına dövlət başçılarının görüşləri təkan verib və strateji tərəfdaşlıq zəminində qurulmuş münasibətlər müttəfiqlik səviyyəsinə yüksəlib. Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin ölkəmizə işgüzar səfəri bu əlaqələrin davamlığına əsaslanır.
Bu əlaqələr ildən-ilə uğurla inkişaf edir, münasibətlər strateji tərəfdaşlıq, dostluq, qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan Serbiyanın, Serbiya Azərbaycanın ərazi bütövlüyünü suverenliyini və sərhədlərin toxunulmazlığını dəstəkləyir. Dövlətlərarası münasibətlər iqtisadiyyat, enerji və digər sahələrdə yeni prespektivlərə yol açıb. Bu günlərdə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçinin Azərbaycana səfəri münasibətlərin yüksək xətlə inkişafda olduğunu göstərir. Səfər çərçivəsində bir sıra məsələlər müzarirə olunub və Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər.
“Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır”, – mətbuata bəyanatla çıxış edərkən dövlət başçımız bildirib: “Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır”. Mövcud siyasi dialoqun yüksək səviyyədə olması iki ölkə liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyindən, əməkdaşlığa verdikləri böyük önəmdən irəli gəlir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir, əhəmiyyətli məsələlərin həllində bir-birinə dəstək verir. Xatırladaq ki, Serbiya Prezidenti Vuçiçin dəvəti ilə bir ay əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Serbiyada rəsmi səfərdə olmuşdur. Bu, dövlətlərarası dinamikanın müsbət olduğunun təzahürüdür. “Biz keçən ay Belqradda qəbul etdiyimiz qərarların tezliklə yerinə yetirilməsini arzulayırıq”, – deyə bildirən dövlət başçısı vurğulayıb ki, nəinki arzulayırıq və eyni zamanda, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verildi: “Bilirəm ki, bu ay ərzində bizim müvafiq strukturların rəhbərləri bir-biri ilə təmasda olmuşlar və bu gün bu təmaslar davam edir. Bir sözlə, biz istəyirik ki, bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf etsin və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunsun”. Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaqdır. Nəqliyyat-logistika sahəsində böyük potensial olduğunu bildirən cənab İlham Əliyev Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini diqqətə çatdırıb.
Ölkələrimiz arasında həyata keçirilmiş yüksək səviyyəli səfərlər zamanı əldə edilmiş razılaşmaların, imzalanmış sənədlərin iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafı üçün güclü hüquqi bazanı formalaşdırıb. Bildiyimiz kimi, 2013-cü ildə Azərbaycan və Serbiya arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə imzalanmış strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı əhəmiyyət kəsb edir. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr ildən-ilə genişlənir. İkitərəfli əlaqələrin daha da geniş miqyas alması üçün potensial böyükdür.
Bir daha bildirim ki, bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri çərçivəsində dövlət başçıları vacib məsələləri müzakirə edib və bir sıra sənədlər imzalayıblar. Bu və digər rəsmi səfərlər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfələr verir. Qeyd edək ki, səfər çərçivəsində enerji sahəsində əməkdaşlığın aparılması, elektrik enerjisi sahəsində, beynəlxalq arenada əməkdaşlığın gələcək inkişafı üçün məsələlər və s müzakirə olunub.
Dövlət başçısının mətbuata bəyanatla çıxışında energetika sektorunun əməkdaşlığımızın bir hissəsi olduğunu bildirib. Son vaxtlar bu sahənin daha böyük əhəmiyyət kəsb etdiyini bildirən dövlət başçısı qeyd edib ki, Azərbaycanın təbii resursları artıq müxtəlif istiqamətlər üzrə ixrac edilir, həmçinin Avropa qitəsinə, o cümlədən Serbiyaya qonşu olan ölkələrə: “Həm təbii qaz, həm elektrik enerjisi ilə əlaqədar əməkdaşlıq üçün imkanlar var, müvafiq danışıqlar aparılmışdır. Gələn ildən başlayaraq Azərbaycanın elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əminəm ki, əməli addımlar atılacaqdır. Onu da bildirməliyəm ki, dörd gün bundan əvvəl Azərbaycanın elektrik enerjisinin Avropaya çatdırılması üçün müvafiq saziş imzalanmışdır. Qara dənizin dibi ilə çəkiləcək kabel Azərbaycanı bu sahədə də Avropa üçün önəmli təchizatçı kimi təsdiqləyəcək. Bütün bunlar yeni imkanlar, yeni üfüqlər açır və biz bu sahədə, əlbəttə ki, ikitərəfli formatda və çoxtərəfli formatda əməkdaşlıq edəcəyik”.
Göründüyü kimi, Serbiya və Azərbaycan arasında ikitərəfli əlaqələr bütün sahələrdə dostluq və qarşılıqlı anlaşma üzərində qurulub: “Əminəm ki, biz gələn ili də bu ab-hava şəraitində keçirəcəyik. Çünki bu il ikitərəfli əlaqələrimiz üçün çox uğurlu olub. Həm qarşılıqlı iki səfər, eyni zamanda, bizim nümayəndə heyətlərinin üzvlərinin təmasları və bütövlükdə Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar” – deyə Azərbaycan Prezidenti bildirib.
Müstəqil siyasət aparan Serbiya və Azərbaycan resurslarına arxalanan ölkələrdir və dövlətlərarası ticarət sahəsində, nəqliyyat-logistika, energetika sektoru və digər sahələrdə aparılan əməkdaşlıq qarşılıqlı etimad və dostluğa söykənir. Əminliklə demək olar ki, ikitərəfli əlaqələr dövlətləri daha da sıx birləşdirəcəkdir.
Fuad Hüseynzadə, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri