Türk dünyasının bəşər sivilizasiyasına verdiyi böyük töhfələr
Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycan dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malikdir. Müstəqil Azərbaycanın yürütdüyü siyasət ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunu beynəlxalq aləmdə yüksəldib və dünya birliyinin ayrılmaz hissəsinə çevirib. Müasir dövrdə nəhəng enerji layihələrinin reallaşması, ölkənin hər yerində abadlaşma, müasirləşmə, eləcə də Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlərin gerçəkləşməsi onun nüfuzunu daha da artırıb. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Bütün dünya dövlətləri ilə yanaşı, Azərbaycanın türk dövlətləri ilə münasibəti bu gün yeni müstəvidə inkişafdadır. Azərbaycan Prezidenti İlham Əliyevin son vaxtlarda türk dövlətlərinə səfəri və keçirilən görüşlər, imzalanan sənədlər bu münasibətlərin inkişafında önəmli faktordur. Bu günlərdə Prezident İlham Əliyevin Türkmənistana səfəri, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi əlbəttə ki, türk dünyasına böyük töhfədir. Ziddiyyətlə dolu olan dünyamızda türk dünyasının vahid qüvvə olaraq çıxışı sözsüz ki, birliyin, həmrəyliyin nümunəsidir.
Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə və Türkmənistan prezidentləri ilə geniş tərkibdə görüşündə çıxışı zamanı bildirdiyi kimi, “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Biz haqlı olaraq xalqlarımızın zəngin tarixi-mədəni irsi və bəşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq”. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu bildirən Cənab Prezident Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsinin münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə çatdırdığını bildirib. 2017-ci ildə isə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. İki ölkə arasında diplomatik əlaqələr 30 il əvvəl qurulmuş və iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi, maraq doğuran regional və beynəlxalq məsələlər barəsində fikir mübadilələri aparılmış, dostluq və əməkdaşlıq haqqında müqavilə, saziş və s. imzalanmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana rəsmi səfərləri ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə xidmət etmişdir. Azərbaycan və Türkmənistan arasındakı münasibətlərin bütün Mərkəzi Asiya, eləcə də Xəzər, Qafqaz regionu üçün böyük əhəmiyyətə malikdir.
Cənab Prezident İlham Əliyev Türkmənistana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Zirvə Görüşünün Birgə Bəyanatı qəbul edilib, “Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır”, – deyən dövlət başçısı bildirib ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz artaraq, 5 milyard dollara çatmışdır:”Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılmışdır. Bu il Türkmənistan ilə ticarət dövriyyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir”.
Dövlət başçısı çıxışında Azərbaycan, Türkiyə və Türkmənistan nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmasına da nəzər salaraq ölkələrimiz tərəfindən bir çox layihələrin icra edildiyini diqqətə çəkmişdir. Bu layihələrdə nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır. “Hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir”, – deyə Prezident bildirib.
Bu gün Azərbaycan dünyada geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə seçilən transmilli layihələr reallaşdıran ölkə kimi tanınır. Təkcə Cənubi Qafqaz bölgəsini deyil, ümumilikdə, böyük coğrafiyanı əhatə edən, hətta Avrasiya geosiyasi məkanda təhlükəsizlik və əməkdaşlıq münasibətlərinə töhfəsini verən layihələr xüsusi diqqət çəkməkdədir. Belə layihələrin içərisində nəqliyyat layihələri əhəmiyyətli rol oynayır. Tarixi İpək Yolunun keçdiyi Azərbaycanın yerləşdiyi ərazi bütün dövrlərdə Avropa və Asiyanı, ən uzaq dövlətləri birləşdirən, strateji ticari-iqtisadi dəhlizlərin qovuşduğu məkanlardan biri olub. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısı olan Azərbaycan ərazisində dəmir yolu, avtomobil nəqliyyatı və hava nəqliyyatı ilə bağlı olan bütün əsas layihələri uğurla icra edib. Bunun nəticəsində Azərbaycan önəmli tranzit ölkəsinə çevrilmişdir.
“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq” – deyə Cənab Prezident çıxışında vurğulayıb: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur”.
Səfər çərçivəsində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri əlaqələrin daha da inkişafında əhəmiyyətli rol oynayacaqdır. İlk dəfə olaraq keçirilən Zirvə Görüşü və birgə bəyantın imzalanması ölkələr arasında geosiyasi və geoiqtisadi münasibətlər baxımından əhəmiyyətli rol oynayacaqdır.
Hüseyn QARAŞOV, Sosiologiya elmləri doktoru, professor, əməkdar müəllim