Azərbaycan-Türkiyə-Türkmənistan qardaşlığı
Türkmənbaşı şəhərində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri qarşılıqlı münasibətləri daha da gücləndirəcək
Bu gün Azərbaycanla Türkiyənin münasibətləri digər dövlətlərlə müqayisə ediləcək səviyyədə deyil. Ayrıca Türkiyə, Tükmənistan və Azərbaycan arasında münasibətlər köklü tarixi və mədəni bağlardan qaynaqlanan qardaşlıq təməli üzərində hər sahədə inkişaf etməkdə və güclənməkdədir. Baxmayaraq ki, müxtəlif tarixi hadisələr bizim xalqlarımızı bir-birindən ayrı salmışdı. Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra bizim birliyimiz də bərpa olundu. İlk illərdə qardaş Türkiyənin dəstəyi Azərbaycan üçün həlledici oldu. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan birinci ölkə olub və ilk illərdən Azərbaycana öz qardaş əlini uzadıb. Mustafa Kamal Atatürkün əlaqələrimizin nümunəsini göstərən “Azəri türklərinin dərdləri bizim dərdimizdir, sevincləri bizim sevincimizdir” sözləri bu gün də eyni gerçəkliyini saxlayaraq Ümummilli Liderimiz Heydər Əliyevin dediyi “Biz bir millət, iki dövlətik” formulu ilə davam etdirilir. Məhz bunun nəticəsidir ki, bu gün Türkiyə və Azərbaycan – iki qardaş ölkə bərabər addımlayır. Xüsusən 44 günlük Vətən müharibəsində Türkiyənin açıq dəstəyi bir çoxlarının Qarabağ münaqişəsinə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir, yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi. Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Prezident İlham Əliyev dekabrın 14-də Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə çıxışında qeyd etdiyi kimi strateji müttəfiqlik səviyyəsində olan siyasi əlaqələr mövcuddur: “Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Bəyannaməsi münasibətlərimizi strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. 2017-ci ildə Azərbaycan ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmışdır”.
Müasir dövürdə Türkiyə sürətlə, dinamik inkişaf edən ölkələrdəndir. Türkiyə ilə Azərbaycanın birgə enerji layihələri var. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin uğurla inşa edilməsi iki dövlətin bölgədə də, dünyada da önəmini artırır. Artıq Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir. Onlardan biri də Bakı-Tbilisi-Qars dəmir yoludur. Prezident İlham Əliyev Üçtərəfli Zirvə Görüşündə çıxışında deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.
Uzun illər ərzində bu məsələ bizim ölkələrimizdə, beynəlxalq maliyyə qurumlarında, sadəcə, müzakirə olunurdu. Bu önəmli layihə faktik olaraq, icra edilmirdi. Türkiyə, Gürcüstan və Azərbaycan rəhbərliklərinin iradəsi nəticəsində bu məsələnin həllinə də nail olunub. Bu, Azərbaycanı Türkiyə ilə dəmir yolu vasitəsilə də birləşdirib. Türkiyəni Orta Asiya ilə, bizim dəhlizdən keçməklə Asiyanı Avropa ilə birləşdirir. Şübhəsiz ki, bunun çox böyük, həm iqtisadi, həm də siyasi önəmi var. Bölgədə elə məsələ yoxdur Azərbaycan onu həll edə bilməsin. Baxmayaraq ki, bəzi hallarda Azərbaycana qarşı müqavimət, ədalətsiz təzyiqlərlə etmək istəyənlər olur. Lakin Azərbaycan özünu çox inamlı hiss edir. Bu gün Azərbaycanla-Türkiyənin gücü ondadır ki, bir-birlərinə arxalanırlar.
Azərbaycan-Türkiyə-Türkmənistan birliyinin güclənməsi həm ölkələrimiz, xalqlarımız, bütün türk dünyası üçün və həm də bütövlükdə, dünyada gedən proseslər üçün çox böyük əhəmiyyəti var. Bu gün Azərbaycanın artan imkanları, potensialı, siyasi çəkisi, öz növbəsində, Türkiyənin və Türkmənistanın mövqelərinə də dəstəkdir. Dekabrın 14-də Türkmənbaşı şəhərində imzalanmış Azərbaycan-Türkiyə-Türkmənistan sənədləri qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Qarşılıqlı maraq əsasında, dərin tarixi köklər əsasında qurulmuş bu münasibətlər türk dünyasına, ümumiyyətlə beynəlxalq siyasətə öz töhfəsini verəcək.
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent