“Dərman vasitələrinin təhlükəsizliyi və effektivliyinin təmin edilməsi sağlamlığın əsas şərtlərindən biridir”
Azərbaycan Tibb Universitetinin “Əczaçılığın texnologiyası və İdarəçiliyi” kafedrasının baş müəllimi Maqsud Aslanovun saytımıza müsahibəsini təqdim edirik
-Əhalinin dərmanlara düzgün münasibəti və istifadə qaydaları haqqında nə deyə bilərsiniz?
-Dərmanlar sağlamlığın əldə edilməsində və ya qorunmasında əsas rol oynayır.
Xəstələrin ehtiyacı olduğu zamanda dərmanlardan rasional istifadə olunması həyati əhəmiyyət kəsb edir. Hər bir bir pasiyent adekvat müalicə kursu üçün kifayət qədər miqdarda lazımi dərmanları düzgün dozada və istifadə etmək imkanına malik olmalıdır.
Səhiyyə işçiləri (həkimlər və əczaçılar) dərman vasitələrinin düzgün istifadəsinin təmin edilməsində əsas rol oynayırlar. Bu baxımdan onlar insanların sağlamlığa cavabdeh olan şəxslər kimi, hər bir dərmanın təyinatı, onun müalicə əhəmiyyətliliyi və realizasiyası zamanı düzgün qiymətləndirməsi kimi mühüm amillərə son dərəcə ciddi yanaşmalıdır. Onların faydalı və ya zərəli olmasını potensial olaraq dəyərləndirməyi bacarmalıdırlar.
Ümumdünya Səhiyyə Təşkilatı dərmanların düzgün təyin edilməsi şərtlərini müəyyən edən bir bələdçi nəşr etmişdir. Bir çox dillərə tərcümə edilmiş və geniş istifadə edilən bu nəşrdə dərmanların təyinatının düzgün yazılması haqqında sınaqdan keçirilmiş mükəmməl göstərişlər əks olunmuşdur. Ümumiyyətlə, pasiyentlərə düzgün təyinatın verilməsi, təyinata uyğun xüsusi uyğun dərmanların yazılması və onların buraxılması qaydaları tibb mütəxəssislərinə hələ universitet təhsili zamanı tədrisdə dəqiq öyrədilir.
Gəlin etiraf edək ki, son illərdə müalicə vasitələri adı altında mətbuatda və sosial şəbəkələrdə çoxlu sayda və müxtəlif adlar altında bir çox dərman vasitələri reklam olunaraq, insanlara təklif olunur. Bu məsələyə münasibətiniz necədir?
Bəli, bu hallar həqiqətən də cəmiyyətimizdə yayılmaqdadır və bu insanlar arasında haqlı olaraq, narahatlıq yaradır. Müxtəlif dərman vasitələrinin tibb mütəxəssisinin təyinatı və təqdimatı olmadan, aidiyyatı olmayan şəxslər tərəfindən sosial şəbəkələr vasitəsilə əhaliyə satılması və təyin edilməsi yolverilməz haldır. Hər bir şəxs bu məsələyə son dərəcə məsuliyyətlə yanaşmalıdır. Mənbəyi və mənşəyi məlum olmayan dərman vasitələrini bu yollarla alıb, istifadə etməyi məsləhət görmürəm. Çünki belə vasitələrin əksəriyyəti istifadə zamanı qeyri-adekvat təsir göstərməklə, insanların sağlamlığına zərər verir. Ümumiyyətlə, dərmanların reseptsiz və ya özbaşına qəbulu təhlükəlidir. Çox vaxt insanlar dərman seçimində səhv edirlər. Hər hansı bir xroniki xəstəlikdə əks göstəriş olan, həmçinin allergik reaksiyaya səbəb ola bilən antibakterial dərmanların reseptsiz istifadəsinin zərərli olduğunu bir çox insanlar hipertenziv dərmanları həkim resepti olmadan yüksək təzyiqə qarşı qəbul edirlər. Bunu etmək qətiyyən olmaz, Onları təsadüfi qəbul etmək olmaz, çünki dərman simptomları müvəqqəti aradan qaldırır və problem daha da pisləşə bilir.
-Qeyd etdiyiniz məsələlər kifayət qədər ciddi məsələdir və ölkədə bu məsələnin hüquqi əsasla tənzimlənməsi necə aparılır?
-Əhalinin daha təhlükəsiz və effektli dərman vasitələri ilə təmin edilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və mövcud boşluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2019-cu ildə “Dərman vasitələrinin farmakonəzarət Qaydası” hazırlanmış və bu 2020-ci ilin iyun ayından ölkəmizdə tətbiq edilməkdədir.
-Burada əsas nə nəzərdə tutulur?
-Farmakonəzarətin təşkili dərman vasitələrinin əlavə təsirlərinin izlənməsi, qeydiyyata alınması, qiymətləndirilməsi, müvafiq tədqiqatların aparılması və bu sahədə zəruri tədbirlərin görülməsinə dair icra mexanizmlərini tənzimləyir. Eyni zamanda Qaydada dərman vasitələrinin əlavə təsirlərinin izlənilməsində və aşkarlanmasında tibb işçiləri və dərman şirkətlərinin məsuliyyət və vəzifələri də müəyyən edilmişdir.
-Bu Qayda əsasən kimlərə şamil olunur?
-Qəbul olunmuş Qayda mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrinə, dərman vasitəsinin dövlət qeydiyyatı haqqında vəsiqənin sahibi və onun müvəkkil etdiyi şəxslərə şamil olunur. Dərman vasitələrinin farmakonəzarət qaydasının qəbul edilməsi ölkəmizdə farmakonəzarət sisteminin qurulmasına və inkişafına imkan verən, dərman dövriyyəsinin bütün iştirakçılarının məsuliyyətini artıran və əhalinin təhlükəsiz və keyfiyyətli dərman vasitələri ilə təmin edilməsi üçün zəmin yaradan çox əhəmiyyətli hüquqi sənəddir. Hesab edirəm ki, farmakonəzarətin tətbiq edilməsi, insanların sağlamlığı üçün vacib vasitə olan dərmanlardan istifadə olunması sahəsində məsələlərin düzgün tənzimlənməsinə öz müsbət təsirini göstərməkdədir.