Siyası Online Qəzet

Azərbaycanı qüdrətli dövlətə çevirən Heydər Əliyev dühası

Beynəlxalq miqyasda etibarlı tərəfdaş, demokratik ölkə kimi tanınan müstəqil Azərbaycanın keçdiyi uğurlu inkişaf yolu Ulu Öndər Heydər Əliyevin uğurlu, uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Müstəqil dövlətimizin tarixini yaradan Heydər Əliyev Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən qoruyub-saxladı. Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, iradəsi və xalqa arxalanması, xalqın da öz Müdrik Liderinə güvənməsi və geniş xalq məhəbbəti vəhdətdə birləşdiyindən, ölkəmizin müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması, məhz Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətindən qaynaqlanıb. Odur ki, müasir Azərbaycanın milli inkişafı xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Onun zəngin idarəçilik təcrübəsi Azərbaycanı inkişaf edən bir ölkəyə çevirdi. Belə ki, 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlmişdi. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Ötən əsrin 70-ci illərindən indiyədək həyatımızın bütün sahələrindəki inkişaf və əldə olunan uğurlar şəriksiz olaraq Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət və siyasi xadim, bir sözlə, fenomen şəxsiyyət olan Heydər Əliyevin Azərbaycana siyasi rəhbərliyi və onun gərgin əməyi nəticəsində qazanılmışdır. 1969-cu il iyul ayının 14-dən başlayan və böyük uğurla davam etdirilən geniş anlamda dirçəliş, tərəqqi və milli inkişaf epoxası, sözün əsl mənasında, Heydər Əliyev epoxası adlanır. Görülən məqsədyönlü tədbirlər nəticəsində çox qısa bir zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrildi.
Azərbaycan xalqının XX əsrdə ikinci dəfə əldə etdiyi dövlət müstəqilliyi təhlükə altında olanda Azərbaycan dövlətinin son dərəcə ciddi ictimai-siyasi problemlərlə, iqtisadi çətinliklərlə, hərbi qarşıdurma ilə üzləşdiyi tarixi anlarda xalqımız ulu öndər Heydər Əliyevə müraciət etdi və onun hakimiyyətə qayıdışını zəruri saydı.
Məlumdur ki, 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi, artıq bu mübarizə alovunu gücləndirdi və Müdrik Siyasətçinin uzaqgörən siyasəti xalqın buxovlanmış arzularının yolunda ümid çırağı yandırmış oldu. Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında muxtar respublikanın adından “sovet sosialist” sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və onun bütün strukturları ləğv edildi.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Elmi əsaslarla beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı və bunun nəticəsində 1994-cü ilin mayında atəşkəsə nail olundu.
Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi və yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”,- deyirdi Heydər Əliyev.
Dahi Öndər Heydər Əliyevin müəllifi olduğu 1994-cü ilin  20 sentyabrında nəhəng neft müqaviləsi – “Əsrin müqaviləsi” imzalandı. Ölkənin sənaye ölkəsinə çevrilməsində, hərbi potensialının güclənməsində, kadr potensialının hazırlanmasında və s. proseslərdə uğurlar müşayiət olundu və bütün sahələrdə dönüş yarandı. Böyük Şəxsiyyət Heydər Əliyevin siyasi kursu nəticəsində, Azərbaycanın dünyaya inteqrasiya olunmasına töhfələrini verdi.
Böyük Qayıdışın möhtəşəm nəticələri təkcə Azərbaycanın dövlət müstəqilliyinin əbədiləşdirilməsi, ölkəmizin parçalanmasının qarşısının alınması və vətəndaş müharibəsinin dayandırılması ilə ifadə edilmir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilmişdir. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Azərbaycanın mövqeyini nəzərə alırlar. Ötən dövrdə uğurlu inkişaf tarixini yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir.
Bu gün Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin  uzaqgörən müdrik siyasəti sayəsində ölkəmiz Zəfər qazanmış xalq kimi uğurlu gələcəyə doğru inamla addımlayır.

Musa QULUZADƏ, Əməkdar müəllim, Azərbaycan Yazıçılar Birliyinin üzvü