Azərbaycandan dünyaya musiqi töhfəsi
Avstriyanın Zalsburq şəhərində, Zalsburq Azərbaycan Evində respublika və beynəlxalq müsabiqələr Laureatı, Qran-Pri mükafatçısı, Avstriyanın Anton Brukner adına Konservatoriyasının tələbəsi, gənc azərbaycanlı pianoçu Ayan Məmmədlinin “Azərbaycandan dünyaya musiqi töhfəsi” adlı layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü və 26 Oktyabr – Avstriya Respublikasının Milli Günü münasibətilə keçirilən tədbirdə avstriyalı və azərbaycanlı musiqisevərlər, bu ölkədə yaşayan soydaşlarımız iştirak ediblər. Layihədə milli musiqi əsərləri A. Məmmədli tərəfindən ifa edilib və onların tarixi musiqi dili ilə təqdim olunub.
Gənc pianoçu Ayan Məmmədli bu layihəni hazırlamaqda əsas məqsədinin onu xarici auditoriyalarda təqdim etməklə milli musiqimizi onlara yaxından tanıtmaq, təbliğ etmək və gələcəkdə əcnəbilərlə yeni əməkdaşlıq əlaqələri yaratmaq olduğunu bildirib. Azərbaycan musiqi əsərlərinin təbliği üzrə hazırlanan təqdimatda “Bayatı-Şiraz”, “Laçın”, “Küçələrə su səpmişəm”, “Şuşanın dağları”, “Sarı Gəlin” və “İncə bellim” kimi əsərlər yer alır.