Siyası Online Qəzet

 Zəngilana həyat qayıdır

Azərbaycan Zəngilan rayonu ilə yanaşı, buradakı abidələri də bərpa edir

Bu gün Zəngilan rayonunun işğaldan azad olunmasının ikinci ildönümü ölkəmizdə böyük qürur hissi ilə qeyd edilir. 44 günlük Vətən müharibəsi günlərində Ali Baş Komandan İlham Əliyevin Müzəffər Ordumuzun rayon və kəndlərin işğaldan azad olunmasını elan etməsini həsrətlə gözləyirdik. Oktyabrın 20-də Ali Baş Komandan Zəngilanın azad olunması xəbərini elan etməsi ilə xalqımızı növbəti dəfə qürurlandırdı. Xatırladaq ki, Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

Ermənilər işğaldakı digər rayonlar kimi Zəngilanda da vandalizm aktı törətmişdilər. Azərbaycan və azərbaycanlılara olan aqressiyalarını daşdan, divardan, abidələrdən də çıxmışdılar. Rayon ərazisində bütün mədəniyyət və tarixi abidələrə sanki soyqırımı etmişdilər. Belə ki, ermənilər tərəfindən rayon ərazisindəki tarixi-dini, tarixi-memarlıq abidələri, ziyarətgahlar dağıdılmışdır. Bunlardan İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri,  Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında,  Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi, Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi və s. qeyd etmək olar. Rayonun işğaldan azad edilməsi nəticəsində buradakı tarixi, memarlıq abidələri də erməni əsarətindən qurtuldu.

Ermənistan bu dağıntıları etməklə bir daha özünün təcavüzkar və saxtakar olduğunu göstərmişdir. Məqsədləri bu torpaqlarda Azərbaycanın tarix və mədəniyyətinin izini itirmək, saxta erməniləşmə siyasəti həyata keçirmək olub. Tarixin saxtakarlaşdırılması erməni millətçilərinin əsas peşəsi olmuşdur. 30 ilə yaxın nə qədər çalışsalar da Azərbaycan torpaqlarında bu qondarma fəaliyyətlərinin effekti olmadı. Dünyanı siyasi olaraq aldada bilərlər. Yeri gəlmişkən, bu gün bir çox hegemon dövlətlər erməni lobbisinin və erməni millətçilərinin saxtakarlığının həmşərikidirlər. İkili standart siyasət yürüdərək Ermənistanın təcavüzkarlığını dəstkləyirlər. Amma Azərbaycan Prezidenti İlham Əliyevin yürtüdyü düşünülmüş siyasəti, beynəlxalq tribunlardan Ermənistanın vandalizminin ifşa olunması istiqamətində çıxışları bu yalanların üstünü açır. Bununla həm Ermənistan, həm də onun havadarlarının ikiüzlü siyasəti üzə çıxır. Çünki Azərbaycan dünyanın qarşısına fakt qoyur. Ermənilərin işğaldan azad olunan rayonlarda törətdikləri dağıntılar əyani sübutlardır. Zəngilanda elə şəhər və kəndlər var ki, ermənilər tərəfindən yerlə yeksan olunub. Və Azərbaycan bütün bunları dünyaya göstərir. Mütəmadi olaraq əcnəbi rəsmilərinin bu torpaqlara səfərlərinin təşkil edilməsi, beynəlxalq tədbirlərin keçirilməsi erməni vandalizminin fəsadlarının, dağıdılmış tarixi və dini memarlıq abidələrin nümunə olaraq dünya birliyinə göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azərbaycan Zəngilan şəhəri ilə yanaşı, buradakı abidələri də bərpa edir. Zəngilanda həyata keçirilən önəmli layihələrdən biri Heydər Əliyev Fondu tərəfindən icra olunur. Belə ki, Zəngilan məscidinin bərpası ilə bilavasitə Fond məşğul olur. İşğal dövründə ermənilər tərəfindən xalqımıza məxsus olan milli-mənəvi dəyərlərin erməniləşdirilməsinə cəhd göstərilib. Buna nail olmadıqda isə onları dağıdıb, təhqir ediblər. İşğal dövründə Zəngilan şəhərindəki məsciddən tövlə kimi istifadə olunub. Prezident İlham Əliyev 2020-ci ilin 23 dekabrında Zəngilan məscidinin qarşısındakı çıxışında deyib ki, Ermənistan bu əmələrinin cavabını verəcək: “Veribdir, qovmuşuq torpaqlarımızdan, məhv etmişik onları, onların ordusunu. Əminəm ki, bu görüntülərdən sonra bizə irad tutmağa çalışan “beynəlxalq məmurlar” öz dillərini qarınlarına qoyacaqlar. Biz isə bu məscidi bərpa edəcəyik və bizim vətəndaşlar gəlib burada ibadət edəcəklər, buradan azan səsi gələcək, bu torpaqlara həyat qayıdacaq”.

Zəngilan məscidinin bərpasının təməl daşı dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə ötən il aprelin 26-da qoyulub. Hazırda “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidində fasiləsiz tikinti işləri həyata keçirilir. Ümumiyyətlə, 30 ilə yaxın işğal dövründə dağıdılan, təhqir olunan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesində Heydər Əliyev Fondu müstəsna xidmət göstərir. Qarabağdakı dini abidələrin, məscidlərin bərpası işləri sürətlə davam etdirilir. Bununla Azərbaycan milli-mənəvi dəyrələrinə də sahib çıxdığını bir daha beynəlxalq aləmə nümayiş etdirir.

 

Rüstəmova Aybəniz Vilayət qızı,

Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri,

tarix üzrə fəlsəfə doktoru, dosent