Siyası Online Qəzet

İşğaldan azad olunan rayonlarda həyata keçirilən milli şəhərsalma

Azərbaycan dövlətinin şəhərsalma və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində yürütdüyü siyasət təqdir olunur  

 

44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra qarşılaşdığımız ən ağrılı hadisə erməni vandallarının işğal altında olan rayonlarımızda etdikləri dağıntıları görmək oldu. Ermənistanın milli-mədəni abidələri, yaşayış məskənlərini dağıntılara məruz qoyması dünyada tayı-bərabəri olmayan vandalizm aktıdır. Elə şəhər və kəndlər var ki, yerlə yeksan olunub. İnsanlar öz ata-baba torpaqlarına, böyüyüb boya-başa çatdıqlara yerlərə gedib öz evlərini belə, tapa bilmirlər. Əlbəttə ki, bu, hər bir Azərbaycan vətəndaşına böyük acı verir…Hazırda Azərbaycan dövləti sürətli şəkildə işğaldan azad olunan rayonlarda abadlıq-quruculuq işləri həyata keçirir. Prezident İlham Əliyev mütəmadi şəkildə bu rayonlara səfər edərək yeni-yeni obyektlərin təməlqoyma mərasimində iştirak edir. Artıq bəzi dövlət əhəmiyyətli obyektlərin işğaldan azad olunan rayonlarda ölkə başçısının iştirakı ilə açılışı olub. Xüsusən yeni yol və tunellərini çəkilişi, Füzuli Beynəlxalq Hava Limanının, bir neçə hərbi hissələrin açılışı mühüm əhəmiyyət daşıyır. Bütün bunlar strateji əhəmiyyət daşıyan obyektlərdir. Və bununla Azərbaycan Qarabağda müasir şəhərsalma işini həyata keçirir. Bu istiqamətdə dövlətimiz beynəlxalq təcrübəni də öynəyir. Eyni zamanda beynəlxalq aləmin işğaldan azad olunan rayonlara diqqətini çəkmək üçün bu torpaqlarda forum və konfranslar da keçirilir. Bu baxımdan oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi diqqət çəkir.
Bildiyimiz kimi, Ümumdünya Şəhər Forumu BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir. Bu il iyunun 27-də Polşanın Katovitse şəhərində keçirilmiş Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edən Prezident İlham Əliyev təşəbbüs irəli sürmüşdür ki, Ümumdünya Şəhər Forumunun növbəti sessiyalarının birinə Azərbaycan ev sahibliyi etməyə hazırdır. Məhz Prezident İlham Əliyevin təklifi əsasında Azərbaycan Milli Şəhərsalma Forumu Ağdamda təşkil edilib. Cənab Prezident açılış mərasimində çıxışında Ermənistanın Qarabağ regionunda apardığı dağıntılara geniş yer verib. Ölkə başçısı qeyd edib ki, Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb: “30 il ərzində daşları bir-bir sökülüb, bütün binalar viran qoyulub, daşlar oğurlanıb və satılıb. Ermənilər məsciddə donuz və inək saxlayıblar. İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumilikdə 67 məsciddən 65-i tamamilə dağılıb. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur”.
2020-ci il noyabrın 10-da məğlub Ermənistanın kapitulyasiya aktını imzalmasına baxmayaraq, yenə də hərbi cinayət və təxribatlarını davam etdirir. Dövlətimizin başçısı bu məsələyə də toxunaraq konrans iştirakçılarına Ermənistanı bir daha ifşa edib. “Ermənilər işğal dövründə 1 milyondan çox mina basdırıblar. Genişmiqyaslı bərpa proqramı ilə yanaşı, ən böyük çətinliklərdən biri minalardır. Müharibə başa çatandan bəri təxminən 250 azərbaycanlı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu rəqəm hər həftə artır. Azərbaycana və azərbaycanlılara qarşı olan bu terror siyasəti davam edir”,-deyə cənab Prezident öz fikirlərini əsaslandırıb. Vətən müharibəsidən sonra erməni terroru nəticəsində yüzlərlə soydaşımız şəhid olub. 13 sentyabr təxribatları bunun əyani sübutudur. Bununla Ermənistan yenə də heç bir beynəlxalq qanun və normalara məhəl qoymur və sülhün yaranması, iki ölkə arasında münasibətlərin normallaşması prosesini pozamğa çalışır.
Çox müsbət haldır ki, Qarabağ regionunda keçirilən belə forumlarda əcnəbi qonaqlar vandalizm faktları ilə birbaşa tanış olurlar. Elə 400 nəfərdən çox əcnəbi qonağın iştirak etdiyi Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamda keçirilməsi də bu baxımdan önəmlidir. Cənab Prezident də öz çıxşanda qeyd etdi ki, işğaldan azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür: “İkinci Qarabağ müharibəsi başa çatandan bəri minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə görüblər. Erməni barbarlığı və vandalizminin miqyası faktiki olaraq o qədər böyükdür ki, Azərbaycanın bu hissəsinə gələn bir çox insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri “urbisid qurbanı” idi, bu da tamamilə doğru idi. Digər ad “ruhlar şəhəri” idi, bu da tamamilə doğrudur. Biri də “Qafqazın Xirosiması” idi”.
Bu gün Azərbaycan dövlətinin işğaldan azad olunan rayonlarda həyata keçirdiyi şəhərsalma işi təqdir olunur. Forumda iştirak edən qonaqlar Prezident İlham Əliyevin Qarabağın dirçəlişi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirirlər. Qarabağda qısa müddət ərzində aparılan bərpa-quruculuq işləri qonalarda böyük təəssürat yaradıb. Bütün bunlar da Azərbaycan dövlətinin postmünaqişə dövrünün tərkib hissə olaraq şəhərsalma və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində yürütdüyü siyasətin uğurudur.

Rüstəmova Aybəniz Vilayət qızı,
Avrasiya universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent