Siyası Online Qəzet

“Ulu öndər xilaskarlıq missiyasını praqmatik düşüncə ilə yerinə yetirmişdir”

 

“Ümummilli lider Heydər Əliyevin 3 oktyabr 1993-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti seçilməsi xalqımızın tarixində əlamətdar hadisədir. Bu seçkilərin nəticəsi müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Ulu öndər Prezident seçiləndən sonra ölkəmizin inkişaf tarixində yeni səhifə açıldı”. Bu haqda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədri Səadət Məhərrəmova saytımıza açıqlama verib.
Səadət Məhərrəmova deyib ki, 1993-cü ilin 3 oktyabrında xalqımız  böyük səs çoxluğu ilə öz seçimini edərək Heydər Əliyevi Prezident seçdi: “Heydər Əliyev hər zaman xalqımızın etimadını qazanıb. Çünki xalq öz liderini tanıyır və inanır. Azərbaycan cəmiyyəti dahi lider Heydər Əliyevin dövlətçilik təcrübəsinə bələd idi. Buna görə də xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən ulu öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ulu öndər xalqına sadiq qalan ictimai xadim olaraq ölkənin ağır günündə, hərc-mərciliyin baş aldığı zamanda Böyük Qayıdış etmişdir. Bu, tarixi zərurətdən yaranan qayıdış idi. Ümummilli lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Ulu öndər bu verdiyi vədləri, xilaskarlıq missiyasını praqmatik düşüncə ilə yerinə yetirmişdir”.