Siyası Online Qəzet

Binəqədidə 27 Sentyabr- “Anım Günü” ərəfəsində ağacəkmə aksiyası keçirilib

Keçirilmiş ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri,  Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin  kollektivi, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar  Cəmiyyətinin, ictimai birliklərin üzvləri, ziyalılar  və rayon ictimaiyyəti iştirak edirdilər.
7-ci  mikrorayon Dərnəgül parkı ərazisində 2020-ci ildə Vətən müharibəsində şəhid olmuş üç min igid oğullarımızın xatirəsinə salınmış parkda ictimaiyyət nümayəndələrinin iştirakı ilə 100 ədəd Eldar şamı və sərv ağacları əkilmiş, digər ağaclara aqrotexniki qulluq göstərilmişdir. Əkilən ağacların fasiləsiz olaraq suvarılması, ağacların hər zaman yaşıl qalması və torpağın münbit olması üçün damcı ilə suvarma sistemi quraşdırılmışdır.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına cavab olaraq, Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəbhənin bütün istiqamətlərində əks-hücum əməliyyatları həyata keçirmişdir. 44 gün davam edən müharibədə Haqq və Şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir.
Ali Baş Komandanımızın rərbərliyi ilə Müzəffər Ordumuzun yazdığı tarix çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir!
Allah Şəhidlərimizə rəhmət etsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!