Siyası Online Qəzet

Azərbaycanla İtaliya arasında siyasi dialoq olduqca fəaldır

İtaliya və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci il mayın 8-də quruldu. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk olaraq Azərbaycanda öz səfirliyini təsis etdi. 2003-cü ilin dekabr ayında isə Azərbaycan Respublikasının İtaliyada səfirliyi yaradıldı.
1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi oldu. Səfər nəticəsində dövlətlər arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə 7 saziş imzalandı. Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə İtaliyaya rəsmi səfəri isə Azərbaycan-İtaliya tərəfdaşlığının daha da genişləndirilməsinə təkan verdi. Bu səfər zamanı İtaliya və Azərbaycan arasında gömrük, informasiya, telekommunikasiya, idman, mədəniyyət, bələdiyyə, ədliyyə sahələrində əməkdaşlıqla bağlı yeni sazişlər imzalandı. Prezident İlham Əliyevin 2006-cı il 20 sentyabr tarixli Sərəncamına əsasən, Azərbaycan və İtaliya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın təsis edilməsi İtaliyanın Azərbaycanla iqtisadi əlaqələrin inkişafına böyük diqqət yetirdiyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri isə ikitərəfli münasibətləri yeni, daha yüksək səviyyəyə qaldırdı, 30-a yaxın mühüm sənəd imzalandı. Ölkələr arasında ticarət dövriyyəsinin göstəriciləri də bunu sübut edir. Dövlət Gömrük Komitəsinin statistik məlumatına görə, ölkələr arasında ticarət dövriyyəsi 2007-ci ildə 1,1 milyon ABŞ dolları olmuşdusa, 2015-ci ildə 2,84 milyard ABŞ dollara çatdı, 2020-ci ildə təxminən 4,6 milyard ABŞ dollarından, 2021-ci ildə isə 9,6 milyard ABŞ dollarından çox oldu. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 90 %-dən çoxu Azərbaycanın payına düşür. Artıq neçə ildir ki, İtaliya Azərbaycanın ticarət dövriyyəsində ilk pillələrdə qərarlaşıb. Mübaliğəsiz deyə bilərik ki, qarşılıqlı ticarət dövriyyəsi hazırda 6 milyard ABŞ dollardan çox olan bu ölkə Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Azərbaycan İtaliya üçün həm də bir nömrəli xam neft təchizatçısıdır. İtaliyanın xam neft istehlakının təxminən 20 %-ə qədəri Azərbaycanın payına düşür. 15 ildən çoxdur ki, ölkəmiz fasiləsiz və təhlükəsiz olaraq İtaliyaya xam neft ixrac edir. Təkcə 2021-ci il ərzində BTC, Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri ilə 8,8 milyon ton həcmində Azərbaycan mənşəli xam neft İtaliyaya ixrac olunub. Bundan başqa, BTC kəməri ilə ötən il 1,4 milyon tranzit nefti İtaliyaya daşınıb. Göründüyü kimi, Azərbaycan İtaliya ilə enerji əməkdaşlığında özünü etibarlı tərəfdaş kimi təsdiqləmişdir.
Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və digər sektorlarda İtaliyanın 100-dən çox şirkəti fəaliyyət göstərir. Azərbaycanda yüksək texnologiyalı investisiya layihələrinin həyata keçirilməsində, sənaye zonalarının, aqroparkların, logistik mərkəzlərin yaradılmasında bu şirkətlərin fəal iştirakı əməkdaşlığımıza əlavə stimul verir. 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş torpaqlarımız işğal dövründə dağıdılmış, məhv edilmiş infrastrukturun yenidən qurulması işlərinə İtaliya şirkətlərinin də cəlb olunması da əlamətdar haldır. Azərbaycanda 8 ildən artıqdır ki, fəaliyyət göstərən “Maire Tecnimont Group” ölkəmizin sənayeləşdirilməsi işinə töhfələr verir.
Həmçinin qeyd edim ki, həm də Azərbaycanla İtaliya arasında elm və təhsil sahəsində əməkdaşlıq geniş inkişaf etdirilir, belə ki, son səfər zamanı Azərbaycan- İtaliya universitetinin açılma məsələsi gündəmdədir və artıq həll olunmuş hesab edilir. Yaxın vaxtlarda yəgin ki universitet öz fəaliyyətinə başlayacaqdır, bu isə Azərbaycanda müasir səviyyədə beynəlxalq tələblərə uyğun şəkildə təhsil sisteminin qurulmasına və bunun bazasında gələcəkdə elm və texnikanın inkişafına böyük təkan verə bilər.
İnanırıq ki, Azərbaycanla İtaliya arasında çoxsaylı biznes anlaşmaları, nəinki neft-qaz sektorunda, eləcə də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək.

 

Adil Qəribov,
Akademik, Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor