Ramiz Alıyev: “Ölkəmiz insan alveri ilə mübarizdə barışmaz mövqe sərgiləyir”
“30 iyul – Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü” kimi qeyd olunur.
Bu münasibətlə İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyevin “APA”ya müsahibəni təqdim edirik.
-Ramiz müəllim, insan alveri ilə mübarizə istiqamətində dövlət tərəfindən atılan addımlar nə dərəcədə öz effektini verir?
-Əvvəla, onu qeyd etməliyik ki, insan alveri tək bizim ölkəmiz üçün deyil, ümumilikdə bütün dövlətlər üçün təhlükəlidir və buna görə də hər bir dövlət insan alveri ilə bağlı birlikdə mübarizə aparmalıdır və aparılır da. Düzdür, bu mübarizə mexanizmləri hər ölkə üçün fərqlidir, ancaq ümumilikdə baxanda, demək olar ki, əksər ölkələr insan alverinə qarşı mübarizdə həmrəylik nümayiş etdirir. Sevindirici hal oldur ki, bizim ölkəmiz bütün cinayət növlərinə qarşı olduğu kimi, insan alveri ilə mübarizdə də barışmaz mövqe sərgiləyir. Bildiyiniz kimi, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator var və DİN-in nəzdində xüsusi polis qrumu olan İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Eyni zamanda insan alveri qurbanları üçün xüsusi olaraq idarənin tabeçiliyində olan sığınacaq və İnsan Alveri Qurbanlarına Kömək Fondu yaradılıb. Bütün bu addımların atılması bizim ölkə olaraq insan alveri ilə mübarizədə maraqlı olduğumuzu göstərir. Həmçinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri birgə əməkdaşlıq edir, insan alveri ilə birgə mübarizə aparırlar. Əslində, bu məqamlar bir çox inkişaf etmiş dövlətlərə də nümunə ola bilər. Məhz elə birgə əməkdaşlığın nəticəsidir ki, bu il ölkəmiz ABŞ Dövlət Departamentinin hesabatında standartların tələbinə gorə ikinci yerə keçmişdir. Bu, həqqiqətən də ölkəmiz üçün çox gözəl bir xəbər oldu. Ona görə ki, biz insan alveri ilə mübarizəyə dair bütün qaydalara ən yüksək formada əməl edən dövlətik: istər cinayətkarların tapılması və cəzalandırılması, istər qurbanlara diqqət və qayğının göstərilməsi, istərsə də dövlət təşkilatlarının bu sahədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələri ilə əməkdaşığının qurulması ən yüksək səviyyədədir.
– Vətəndaş cəmiyyəti bu səhəyə nə kimi öz töhfəsini verir?
-Fikrimin öncəsində də qeyd etdiyim kimi, hər bir sahədə olduğu kimi, insan alverinə qarşı mübarizə sahəsində də biz xalq olaraq birlik nümayiş etdirməliyik, bütün vətəndaşlarımız insan alverinə qarşı mübarizə aparmalıdır. Əgər gözləsək ki, mübarizəni ancaq dövlət təşkilatları aparsın, o zaman istənilən effekt olmaycaq. Ona görə də bu gün ölkəmizdə insan alverinə qarşı mübarizə ilə bağlı fəaliyyət göstərən vətəndaş cəmiyyətinin nümayəndələri DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi ilə sıx əməkdaşlıq edir, İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyası fəaliyyət göstərir və bu koalisiyanın tərkibində 45 təşkilat cəmləşib. Bir neçə QHT-nin həm Bakıda, həm də regionlarda qadın və uşaq sığınacaqları var. Koalisiyaya üzv olan təşkilatlar il ərzində, demək olar ki, ölkəmizin hər bir regionunda insan alverinə dair maarifləndirmə tədbirləri təşkil edir, filmlər, video-rolikllər çəkirlər və s. Bütün bu sadaladıqlarımın hamısı və daha çox fəaliyyət məhz vətəndaş cəmiyyəti təmsilçilərinin danılmaz xidmətləridir. Eyni ilə ölkəmizdə fəaliyyət göstərən bir çox KİV nümayəndələri də öz çalışdıqları mətbu orqanlarda vətəndaşlarımızın insan alveri ilə bağlı maariflənməsi üçün yazılar yazır, araşdırmalar edirlər. ATV və ARB televizyaları artıq iki ildir ki, DİN ilə birgə insan alveri və narkomaniyadan bəhs edən “İfşa” adlı on altı bölümdən ibarət serial çəkmişdir. Bütün bunlar ölkəmizdə cinayətkarlığın azalmasına, vətəndaşlarımızın maarifləmməsinə gətirib çıxaran addımlardır.