Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin bariz nümunəsi
Azərbaycan hər zaman istər regional, istər isə beynəlxalq əməkdaşlığa açıq dövlət olub. Çox müsbət haldır ki, son illər Azərbaycan dövləti bu istiqamətdə bir sıra qlobal təşəbbüsləri ilə beynəlxalq aləmin diqqətini çəkib. Artıq Azərbaycan bir çox beynəlxalq layihələrin təşəbbüskarı və icraçısı kimi tarixə düşüb. Azərbaycanın belə təşəbbüskar ölkə kimi tanınması Prezident İlham Əliyevin xarici siyasətinin prioritetlərini düzgün şəkildə müəyyənləşdirməsi və həyata keçirməsinin nəticəsidir.
Beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə öz müsbət təsirini göstərir. Bu baxımdan regional və qlobal problemlərin müzakirə oldunduğu beynəlxalq tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti nəinki belə tədbirlərin daimi iştirakçısı olur, həmçinin qarşılıqlı etimada əsaslanaraq ölkəmiz bir çox beynəlxalq tədbirlərə təşkilatçılıq və ya ev sahibliyi edir. İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında da Azərbaycan təmsil olunmaqla regionda sabitliyin qorunub saxlanmasında hər zamankı kimi maraqlı olduğunu nümayiş etdirdi. Xatırladaq ki, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının III Zirvə Toplantısı 2010-cu ildə Bakıda keçirilib. Həmin Zirvə Toplantısında regionda təhlükəsizliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu toplantıda ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları, həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri razılaşdırılıb. Qeyd edək ki, həmin prinsiplər 2018-ci ildə Aktauda keçirilən V Zirvə Toplantısında imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışında Aktauda imzalanmış Konvensiyanın tarixi əhəmiyyətini xüsusi qeyd edib: “Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görülməsi üçün möhkəm hüquqi zəmin yaradacaq”.
Bu, Azərbaycanın Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında təşəbbüskarlığının və fəal rol oynadığının göstəricisidir. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi region dövlətlərinin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti baxımından önəmlidir. Cənab Prezidentin Zirvə Toplantısnda qeyd etdiyi kimi, qarşılıqlı fəaliyyətin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Bu, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Belə Zirvə Toplantıları da Xəzəryanı ölkələr arasında sıx əməkdaşlığın möhkəmləndirilməsi işinə mühüm töhfəsini verir.
Nəzərə çatdıraq ki, Azərbaycan “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın və onun protokollarının, eləcə də “Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in razılaşdırılması prosesində də fəal iştirak edib. Buna görə də Azərbaycan dövləti üçün Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması da prioritet məsələlərdən biridir. Bildiyimiz kimi, Azərbaycanda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bu baxımdan Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələrin icra edilməsini xatırlatmaq istərdik. Məhz buna görə də Prezident İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Azərbaycanın ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu bir daha xatırladıb: “Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti davam edir”.
Bununla cənab Prezident Azərbaycan dövlətinin Xəzərin ekoloji problemlərinin həllinə biganə qalmadığını bir daha bəyan etmiş oldu. Çünki Xəzər dənizində elmi tədqiqatların aparılması, eyni zamanda problemlərinin öyrənilməsi hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Müstəqillik əldə etdikdən sonra bu sahədə daha da ciddi addımlar atılıb və hərtərəfli şəkildə davamlı olaraq Xəzərin problemlərinin elmi tədqiqatları aparılır. Bununla yanaşı, Xəzər dənizinin ekosistemi üzrə ekoloji monitorinq işləri davam etdirilir. Eyni zamanda, Azərbaycan bu istiqamətdə beynəlxalq konvensiyalara qoşulub, eləcə də Xəzəryanı ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq edir. Bütün bunlar da Azərbaycanın Xəzəryanı ölkələrlə əməkdaşlıq, dostluq və mehriban qonşuluq münasibətlərini uğurla inkişaf etdirməsinin bariz nümunəsidir.
İbrahimova Gülzar İsaxan qızı,
Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor