Siyası Online Qəzet

Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir

 

29.06.2022-ci il tarixində Türkmənistan paytaxtı Aşqabadda 5 Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) dövlət başçılarının zirvə toplantısı keçirildi.

Xəzəryanı ölkələrin dövlət başçılarının Aşqabad sammiti və sammit çərçivəsində ikitərəfli və çox tərəfli görüşlərin keçirilməsi 5 ölkənin ticarət, tranzit, enerji, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etməsi böyük töhfə vermək baxımından mühüm önəm daşıyır.
Bu görüşlər, həmçinin hövzə ölkələrinin limanları vasitəsi ilə dəniz nəqliyyatının daha da inkişaf etməsinə müsbət təsir göstərəcək. Həmçinin dəmiryolu xətləri vasitəsi ilə qeyd olunan ölkələr arasında yükdaşımaları da artırmağı şərtləndirəcək.
Ümumiyyətlə, bu sammiti müxtəlif cəhətlərdən, o cümlədən, iqtisadi, tranzit, enerji, yükdaşıma və digər tərəflərdən müsbət dəyərləndirmək mümkündür. Xəzəryanı ölkələr mövcud imkanlardan səmərəli istifadə edərək bu əlaqələri daha da möhkəmləndirə bilərlər. Bu da həmin ölkələrin, ümumilikdə bölgənin inkişafı ilə nəticələnə bilər. Bundan əlavə prezidentlər səviyyəsində ikitərəfli görüşlər də müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə də öz töhfəsini verə bilər. Onu da xatırlatmaq istəyirəm ki, Azərbaycan ötən illər ərzində Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasında fəal iştirak edib.
Bildiyiniz kimi, Prezident cənab İlham Əliyev Xəzəryanı Dövlətlərin Başçılarının VI Zirvə Toplantısında iştirak edib. Ölkə Başçısı Zirvə Toplantısı çərçivəsində çıxışında bir çox önəmli məqamlara diqqət çəkmişdir. Dövlətimizin başçısı Toplantıda qəbul ediləcək qərarların da Xəzərin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcəyinə əminliyini ifadə edib. Xəzər dənizin strateji əhəmiyyətini xüsusilə vurğulayan dövlət başçısı bildirmişdir ki, “Xəzər dənizi regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır”. Əlbəttə Xəzəryanı ölkələrin bir-birilə olan dostluq, əməkdaşlıq münasibətləri bu ölkələrin xalqlarının rifah halının daha da yaxşılaşmasına, iqtisadi əlaqələrin  daha da inkişaf etməsinə təkan verir.
Xəzər dənizinin hüquqi statusuna dair 2018-ci ildə Aktauda imzalanmış Konvensiya da tarixi əhəmiyyət kəsb edir. Çoxillik iş nəticəsində imzalanmış bu sənəd Xəzərin hüquqi statusunu müəyyən edib. Konvensiyanın tezliklə qüvvəyə minməsi dövlətlərimizin bundan sonrakı hərtərəfli qarşılıqlı fəaliyyətinə və əməkdaşlığına yönəlmiş daha təsirli tədbirlər görmək üçün möhkəm hüquqi zəmin yaradacaq. Əlbəttə burada dayanıqlı münasibətləri təmin edən amilləri xüsusilə qeyd etməliyik.
Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması ölkəmiz üçün prioritet məsələlərdən biridir. Son illər respublikamızda Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlər də bunun əyani nümunəsidir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr də bu istiqamətdə atılan əhəmiyyətli addımlardan sayılır.
Ümumiyyətlə, Xəzər dənizinin yerləşdiyi coğrafiya sahilyanı ölkələrə faydalı və konstruktiv münasibətlərin qurulması və inkişaf etdirilməsi üçün münasib imkanlar yaradıb. Xəzər dənizi Xəzəryanı ölkələr üçün iqtisadi baxımından, xüsusilə neft-qaz hasilatı, kənd təsərrüfatı məhsullarının daşınması və məhsul tranziti baxımından çox əhəmiyyət kəsb edir. Adətən dünyanın hər bir yerində dənizlər ətrafında yerləşən ölkələr arasında iqtisadi əlaqələrin qurulması prioritet təşkil edir. Xəzəryanı ölkələr inkişaf etməkdə olan ölkələrdir. Bu baxımdan bu ölkələrdə böyük potensiallar mövcuddur.

 

İlham Qayıbzadə,

Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri, 2-ci qrup Qarabağ əlili