Siyası Online Qəzet

Azərbaycan Qoşulmama Hərəkatına üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə xüsusi önəm verir

 

Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Azərbaycanın sədrliyi dövründə bu qurumun qlobal çağırışlarla bağlı mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək dəyərləndirilir.
Ölkəmiz Qoşulmama Hərəkatına üzv olduğu və bu nüfuzlu təsisata sədrlik etdiyi dövrdə təşkilatın prinsiplərinə sadiqliyini daim nümayiş etdirib. Dövlətimizin başçısı çıxışlarının birində bu barədə deyib: “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir”.
Yeri gəlmişkən, xatırladım ki, Qoşulmama Hərəkatı 1961-ci ildə Belqradda təsis edilib. Həmin vaxtdan etibarən təşkilatın fəaliyyəti qlobal sülh, ədalət və həmrəylik prinsipləri əsasında qurulub. Qoşulmama Hərəkatı müxtəlif regionları əhatə edərək fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirməklə, multilateralizmin həqiqi nümunəsinə çevrilib.
Prezident İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransındakı çıxışında vurğulandığı kimi, suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi “Bandunq prinsipləri” bu təşkilatın təməlində dayanır. Bu prinsiplər müasir beynəlxalq münasibətlərdə aktual və vacib olaraq qalır. Hazırda dünyada dəhşətli fəalakətlər törədən müharibələr və münaqişələr də “Bandunq prinsipləri”nə riayət olunmaması səbəbindən baş verir.
Azərbaycan zor tətbiq etməklə dövlətlərin ərazi bütövlüyünün pozulmasının qətiyyən qəbuledilməz olduğunu hər zaman bildirib, bütün ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsiplərini tam dəstəkləyib. Bax, elə buna sadiq olduğuna görə də sülhün, təhlükəsizliyin, beynəlxalq hüququn və ədalətin gücləndirilməsinə töhfə vermək üçün 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulub. Qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad və hörmət qazanıb, 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib.
Yeri gəlmişkən, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üzv dövlətlərin dəvəti ilə daha bir il uzadılması da təsadüfi olmayıb. Respublikamız bu təşkilata sədrliyi dövründə söz-əməl vəhdətinə sadiqliyini nümayiş etdirib, üzv ölkələrin maraqlarının, beynəlxalq hüquq və ədalətin tərəfində dayanıb.
Dövlətimizin başçısı bu məqamla bağlı deyib: “Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş 18-ci Zirvə Toplantısında mən vurğulamışdım ki, Azərbaycan sədrliyinin prioritetlərini və fəaliyyətini “Bandunq prinsipləri” əsasında quracaq, ədaləti və beynəlxalq hüququn normalarını qətiyyətlə müdafiə edəcəkdir. Azərbaycan tamamilə müstəqil daxili və xarici siyasət yürüdür, daxili işlərinə bütün müdaxilə cəhdlərini effektiv şəkildə neytrallaşdırır”.
Bu fikrin təsdiqi üçün diqqəti bir məqama yönəltmək istərdim. Belə ki, dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı bir zamanda Azərbaycan bu nüfuzlu təsisatda sədrliyinə məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranan təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Ölkəmiz pandemiya ilə mübarizədə qlobal səylərin səfərbər edilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb. Belə ki, 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi ideyasını reallaşdırıb. Bundan başqa, Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazasının yaradılmasına dəstək göstərib. Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edib. Bütün bunlarla bərabər, Azərbaycan “peyvənd millətçiliyi” və peyvəndlərə çıxışla əlaqədar inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında dərinləşən qeyri-bərabərliklə bağlı narahatlığını vurğulayıb, eyni zamanda, bu cür məsələnin beynəlxalq diqqəti çəkməsi məqsədilə respublikamız BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün dövlətlərin peyvəndlərə bərabər və universal çıxışının reallaşmasına dair qətnamə irəli sürüb və həmin qətnamə yekdilliklə qəbul edilib.

Natəvan ƏSƏDOVA,
riyaziyyat üzrə fəlsəfə doktoru