Siyası Online Qəzet

Böyük qayıdış üçün yaradılan əminlik

 

Müstəqil dövlətimizin sürətli və ardıcıl inkişafına təkan verən bütün tədbirlər böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Prezident cənab İlham Əliyevin rəhbərliyilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Məhz bu fəaliyyətdən irəli gələrək dövlət başçısının dəfələrlə çıxışlarında dayanıqlı inkişafın vacibliyini bildirməsi vətəndaşlarımız üçün motivasiya mənbəyinə çevirilib.
Ölkə başçısının qətiyyətli addımları hər bir soydaşımıza mənəvi güc verir. Ali Baş Komandanın diplomatik çevikliyi və Milli Ordumuzun əzmi sayəsində Qarabağ işğaldan azad olundu. Azərbaycan xalqı milli məsələdə istər ön cəbhədə, istərsə də arxa cəbhə birləşib düşmənə mübarizə aparmaq gücünü ortaya qoydu. Bu gün dünya azərbaycanlıları bu şanlı Zəfərlə qürur duyurlar.
Ölkə başıçısının işğaldan azad olunan rayonlara etdiyi səfərlər də hər birimizin böyük sevincinə səbəb olub. Bu rayonlarda Azərbaycan bayrağının qaldırılması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bununla Cənab Prezident hər zaman xalqın yanında olduğunu bir daha sübut edib.
Doğma el-obalarımızın viran olunmasını görmək nə qədər bizə ağır olsa da, Cənab Prezidentin bu yerlərə səfəri və orada dünyaya mesaj verməsi hər birimizi qürurlandırır. Biz hər birimiz doğma torpaqlarımıza getməyi səbirsizliklə gözləyirik. Bu gün dövlətin dəstəyi ilə işğaldan azad olunan torpaqlarımızda infrastruktur yenidən bərpa olunur, müasir evlər tikilir və beləcə buralarda həmvətənlərimiz öz həyatlarını yaşayacaqlar. Prezident İlham Əliyevin iyunun 27-də Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında çıxışında dediyi fikirlər bizə böyük qayıdış üçün bir daha əminlik yaratdı. Ölkə başçısı qeyd etdi ki, yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir: “Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır. Şuşa şəhərinin baş planı onun möhtəşəm tarixi irsinin qorunması üzərində qurulub. Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhər inşa olunur. Ərazisi 200 hektar təşkil edən Ağdam Sənaye Parkı artıq fəaliyyət göstərir, sərmayədarlara və sahibkarlara açıqdır. Zəngilan şəhəri onun təbiətə inteqrasiyası və park şəhərinə çevrilməsi baxışı ilə inşa edilir”.
Bütün bunlardan sonra dünya bir daha Qarabağın həm tarixi, eləcə də iqtisadi olaraq Azərbaycanın tərkib hissəsi olduğunu görəcək. İnfrastrukturunun yenidən qurulması, müasir şəhərsalama prinsipinə uyğun planın qurulması Qarabağın iqtisadi mərkəzə çeviriləcəyindən xəbər verir. Erməni vandalizminə məruz qalan şəhərlərimizə yenidən həyataın qayıtması hər birimizə böyük sevinc bəxş edir.
Prezident cənab İlham Əliyev Ümumdünya Şəhər Forumunun 11-ci sessiyasında dediyi bir çox fikirlər dünya güclərinə verilən hərmrəylik mesajdır: “Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib”.
Bununla Cənab Prezident Qarabağda yenidənqurma işlərində beynəlxalq həmrəyliyin bərqərar olmasını nümayiş etdirir. Artıq Azərbaycan Qarabağı sülh və əməkdaşlıq regionuna çevirməklə geopolitik gücünü göstərir. Bütün bunlar da ölkə başçısının daxili və xarici siyasətinin düzgün qurulmasının nəticəsdir. Bu, özünü xalq-iqtidar birliyində hər zaman büruzə verir. İkinci Qarabağ müahribəsində qələbəmizin əsas səbəblərindən biri də həmin günlərdə xalqın Prezidentə, Prezidentin isə xalqa arxalanması oldu. Məhz bu güc biriliyi bizi qalib etdi.

Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev