Siyası Online Qəzet

Cənubi Qafqazda davamlı sülh regiona investisiya axınını sürətləndirə bilər

Cənubi Qafqaz hər zaman aktiv geosiyasi məkan olub. Əksər hallarda regional siyasi gərginlik hərbi əməliyyatlarla müşahidə olunub. 2020-ci il sentyabr ayının sonundan noyabr ayına qədər 44 gün davam edən Vətən müharibəsi nəhayət ki, regionda münaqişəyə son qoydu, 10 noyabr tarixində Ermənistanın kapitulyasiyasını əks etdirən üçtərəfli bəyannamə imzalandı. 

Bu gün Cənubi Qafqazda yeni reallıqlar mövcuddur. Regionda sülh danışıqları artıq yeni mərhələyə qədəm qoyub.

Vətən müharibəsindən sonra, bir ildən artıq müddət ərzində Azərbaycan uğurlu xarici siyasəti ilə böyük sülh sazişinin imzalanmasının, habelə regionda yeni reallıqlara əsaslanan quruculuq dövrünün başlanmasının vaxtı olduğunu ikitərəfli və çoxtərəfli beynəlxalq görüşlərdə dəfələrlə mövqe kimi nümayiş etdirdi.

Eyni zamanda, müharibədən sonrakı dövrün çağırışlarını nəzərə alaraq Azərbaycanın çoxvektorlu xarici siyasəti bir daha sülh və ədalət prinsiplərinin dönməzliyi ilə səciyyələnir. Bu proses Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən bütün görüşlərin əhəmiyyətini bir qədər də artırır.

Ölkə başçısının keçirdiyi ikitərəfli və çoxtərəfli görüşlər, danışıqlar nəticəsində müharibədən sonrakı dövrdə yeni format yarandı.
Prezident İlham Əliyevin danışıqlarda qətiyyətli mövqeyi, beynəlxalq hüquqa əsaslanan sülh sazişinin imzalanmasında ölkəmizin əldə etdiyi irəliləyiş Azərbaycanın artıq regionda real gücə malik olduğunu deməyə əsas verir.

Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə nəhayət yaxın bir neçə onillikdə hərbi münaqişə ehtimalını məhdudlaşdıracaqdır. Bu, regionda təkcə Azərbaycan və Ermənistanın deyil, eyni zamanda sülh və ədalətin tərəfdarı olan müttəfiqlərin də strateji maraqlarını təmin edəcəkdir. Hər iki ölkə arasında dostluq münasibətlərinin yaranması, ikitərəfli tərəfdaşlıq və gələcək iqtisadi əməkdaşlıq imkanlarının genişlənməsinə təkan verəcəkdir.

Beləliklə, regionda inteqrasiyanı artırmaq, həmçinin davamlı iqtisadi inkişafı təmin etmək üçün Avropa İttifaqı institutlarının köməyi ilə yeni çoxtərəfli əlaqələr yaradılmalıdır. Avropa Şurasının prezidenti Şarl Mişelin Cənubi Qafqaza son səfərində qeyd etdiyi üzrə: “Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir”. Bu, həm də Avropa İttifaqının geniş regional əməkdaşlıq üçün çox mühüm rol oynayacağına dair vəd idi.

Son illər baş verən müsbət dəyişikliklər fonunda bu gün Avropa İttifaqı həm Ermənistanın, həm də Azərbaycanın sosial-iqtisadi inkişafı üçün Şərq Tərəfdaşlığı çərçivəsində əsas strateji tərəfdaş sayılır. Bu baxımdan Avropa İttifaqı davamlı və hərtərəfli nizamlanmanın formalaşdırılmasında, o cümlədən sabitləşmə, postmünaqişə dövründə transformasiya, etimad və barışıq tədbirlərinə dəstək vasitəsilə fəal rol oynamağı öhdəsinə götürə bilər.

Beləliklə, güman etmək olar ki, bu dəyişikliklər Cənubi Qafqaz regionunun bütün subyektlərini həm geosiyasi, həm də geoiqtisadi baxımdan daha əhəmiyyətli edəcəkdir. Çünki ilkin razılaşmalara əsasən şimal-cənub və qərb-şərq xətti üzrə bu işlərə təkan verəcək çoxsaylı vacib layihələrin həyata keçirilməsi prosesinə artıq başlanılmışdır. Eyni zamanda ölkələr arasında davamlı sülh və əmin-amanlığın bərqərar olması regiona böyük investisiya axınını sürətləndirə bilər. 

Məzahir Əfəndiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

[ad_2]