Avropa Birliyi elektron cihazlarda vahid USB Type-C şarj girişinin tətbiq qanununu qəbul edib
Avropa Birliyi artıq uzun illərdir ki, elektron cihazlarda vahid şarj girişinin reallaşdırılmasına nail olmağı planlaşdırırdı. Bunun əsas səbəbi isə ətraf mühitə verilən zərər ilə bağlıdır. Belə ki, elektron cihazların bəziləri müxtəlif standartlı şarj girişi ilə təchiz olunduqları üçün istifadəçilər hər dəfə yeni şarj cihazı almalı olurlar və nəticədə elektron tullantıların sayı daha da artır. Avropa Birliyi regionlarında satılan elektron cihazlarda vahid şarj girişinin reallaşdırılması ilə bağlı olan qanun layihəsi dünən imzalanıb və o, 2024-cü ilin payız fəslindən qüvvəyə minəcək. Bu qanuna əsasən bütün smartfon istehsalçıları Avropa Birliyi regionlarında satılan məhsullarının hamısını USB Type-C girişi ilə təchiz etməli olacaqlar. Qeyd etmək lazımdır ki, sözügedən qanun təkcə smartfonları əhatə etmir.
Bura həmçinin planşetlər, smart saatlar, rəqəmsal kameralar, qulaqlıqlar və s. cihazlar daxildirlər. Elektron cihazlarda vahid şarj girişinin reallaşdırılması uzun illər ərzində planlaşdırılsa da onun aktiv müzakirəsinə keçən il start verilmişdi. İlkin qiymətləndirməyə əsasən sözügedən qanun vasitəsilə il ərzində 250 milyon avro vəsait qənaət etmək mümkün olacaq. Növbəti mərhələdə Avropa Parlamenti və Avropa Şurası bu qanun layihəsini təsdiqləməli olacaqlar və bundan sonra rəsmi bəyanat təqdim ediləcək. Bu qanun layihəsi rəsmi bəyanatdan 20 gün sonra qüvvəyə minəcək. Lakin şirkətlər ona 24 aydan sonra riayət etməli olacaqlar. Qeyd etmək lazımdır ki, sözügedən qanun artıq satışa çıxmış məhsulları əhatə etməyəcək. Bütün istehsalçılar Avropa Birliyi regionlarında satılacaq məhsullarını 2024-cü ilin payız fəslinə kimi USB Type-C standartına keçirtməli olacaqlar.