Siyası Online Qəzet

AQSİA ilə Qazaxıstanın “Dayanıqlı inkişaf və qadın sahibkarlığının dəstəyi fondu” arasında anlaşma memorandumu imzalanıb

Bakı, 9 iyun, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) nümayəndə heyəti Nur-Sultanda keçirilən ECOJER – “Green Life Better” illik beynəlxalq konqresində iştirak edib.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, tədbir ECOJER Assosiasiyası, Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA), BMT-nin Qazaxıstandakı İnkişaf Proqramı və BMT-nin Qadınlar Təşkilatının dəstəyi ilə təşkil olunub.

Konqresdə TÜRKPA üzv parlamentlərinin nümayəndə heyətləri, Özbəkistan Ali Məclisinin Senatı və Qanunvericilik Palatasının üzvləri, diplomatik korpusun nümayəndələri, eləcə də BMT və QHT-lərdən olan nümayəndələr iştirak ediblər.

Qazaxıstan Parlamentinin deputatı Ləzzət Ramazanova tərəfindən dəvətdə iştirak edən AQSİA-nın sədri Səkinə Babayeva çıxışında iki ölkənin və bütün türkdilli xalqların birgə əməkdaşlığının gündən-günə daha çox inkişaf etdiyini və bu istiqamətdə Türk Qadın Sahibkar Komitəsinin böyük işlər görəcəyini vurğulayıb.

Səkinə Babayeva qeyd edib ki, bütün dünyada iqlim dəyişikliyinin təsiri gender bərabərsizliyini artırdığına görə bu gün biz inkişaf strategiyalarımızı yenidən nəzərdən keçirməli, təbiətə təzyiq etmədən gələcək qurmalı və təbii həllərə sərmayə qoymalıyıq.

Səkinə Babayeva çıxışında bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinin demək olar ki, bütün istiqamətlərində gender amili qeyd olunur. Mövcud ölkə siyasətinin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun qiymətləndirilməsində yoxsulluq indeksi, insan indeksi inkişafı ilə yanaşı, gender bərabərliyi göstəriciləri mühüm əhəmiyyətə malikdir. Belə ki, gender bərabərliyi faktoruna əsaslanan insan inkişafı indeksi qiymətləndirmədə nəzərə alınan əsas göstəricilərdəndir. Buna görə də 5-ci məqsədin əsas istiqamətlərdən biri kimi seçilməsi digər məqsədlərin sürətlə həyata keçirilməsinə də dəstək ola bilər. O qeyd edib ki, qadınların iqtisadi resurslara, informasiyaya çıxışında çatışmazlıqlar var və bu sahədə maarifləndirmə işlərini artırmalıyıq.

AQSİA sədri bildirib ki, dünyada qadınlar təbii ehtiyatlardan daha çox asılıdırlar, lakin daha az bəhrələnirlər. Bir çox regionlarda qadınların qida, su və yanacaq təminatına görə qeyri-mütənasiblik var. Kənd təsərrüfatı aşağı və aşağı-orta gəlirli ölkələrdə, quraqlıq və qeyri-sabit yağış dövrlərində qadınlar üçün ən mühüm məşğulluq sektorudur, kənd təsərrüfatı işçiləri və ilkin tədarükçülər kimi qadınlar öz ailələri üçün gəlir və resursları təmin etmək məqsədilə daha çox çalışırlar. Bununla bağlı qlobal tədbirlər çərçivəsində Azərbaycan da öz inkişaf planını həyata keçirir.

Tədbirdə AQSİA-nın İnnovasiyalar üzrə komitə rəhbəri, “Maestro”nun direktoru Mədinə Paşayeva “Dayanıqlı inkişaf məqsədlərinin təşkilatlarda tətbiqi və bu prosesə rəqəmsal texnologiyaların təsiri” adlı paneldə çıxış edib.

Səfər zamanı AQSİA və Qazaxıstan Respublikasının “Dayanıqlı inkişaf və qadın sahibkarlığının dəstəyi fondu” arasında anlaşma memorandumu imzalanıb.

AZERTAG.AZ :AQSİA ilə Qazaxıstanın “Dayanıqlı inkişaf və qadın sahibkarlığının dəstəyi fondu” arasında anlaşma memorandumu imzalanıb

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

[ad_2]