Xaricdə yaşayan jurnalist Elbəyi Həsənlinin Naftalanla bağlı paylaşımı diqqət çəkib. O sosial şəbəkə hesabında yazıb ki, Çexiyanın məşhur kurort şəhəri Karlovı Varıda olarkən Azərbaycanın Naftalan kurortu ilə bağlı maraqlı məlumat eşidib.
Sitat: “Çexiyanın müalicəvi suları ilə dünyada məşhur olan kurort şəhəri Karlovı Varıda ailəliklə istirahət edirik. Bir salyanlı qardaşla burada ünsiyyətdə olduq. Dedi ki, yerli sakinlə söhbət edirdim, Azərbaycandan gəldiyimi eşidəndə heyrətləndi. Dedi ki, siz o boyda Naftalan müalicəvi neft yatağını qoyub, Karlovı Varıda nə gəzirsiniz? Bizim pulumuz olanda Naftalana gedirik… Çexin dediyi odur ki, ey azərbaycanlılar, ağlınız olsun, Naftalanın qədrini bilin. Orada-burda müalicə olunmağa can atmayın. Heç ağlı olan da Naftalanı qoyub, özünü dağa-daşa vurar…”
Globalinfo.az-a danışan Elbəyi Həsənli deyib ki, hələ 1870-ci ildə məşhur səyyah Marko Polo Naftalanın müalicəvi əhəmiyyəti haqqında yazıb.
O, Naftalan neftinin Almaniyaya ixrac edilməsini xatırladıb:
Elbəyi Həsənli
“O da faktdır ki, XX əsrin əvvəllərində alman mühəndisləri Naftalan neftini çıxarmaq üçün quyu qazıb və həmin nefti Almaniyaya ixrac edib. Rus-Yapon müharibəsi dövründə yapon əsgərlərinin çantalarında içərisində Naftalan məlhəmi olan kiçik qablar olurdu. Həmin qabların üzərində qısa, lakin çox ümidverici bir yazı vardı: “Kimdə bu məlhəm varsa, o heç bir yaradan qorxmasın”. Başqa bir faktı da xatırladım: 1989-cu ildə Xorvatiyanın İvaniç Qrad qəsəbəsində Naftalan Xüsusi Tibbi Reabilitasiya Xəstəxanası yaradılıb. Yəni Naftalan Avropada kifayət qədər populyardır. 2006-cı ildə “The New York Times”, 2009-cu ildə isə “The Independent” Naftalana xüsusi məqalə həsr edib. O düşüncədəyəm ki, Azərbaycanda kurort salmaq üçün böyük imkanlar var”.
E.Həsənli Naftalanın bütün dünyada tanınan yer olduğunu qeyd edib:
“Hazırda Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində 2022-ci ildən başlanan tikinti işləri davam edir. Ora 1927-ci ildən bütün SSRİ-də ən böyük ikinci sanatoriya idi. “İstisu” Müalicə-İstirahət Kompleksində eyni vaxtda 50 min adam istirahət və müalicə oluna bilər. Azərbaycanın dənizkənarı istirahət kurortları həmişə məşhur olub. Xəzərin qumlu sahillərinə can atanlar indi də az deyil. Son illərdə isə ölkəmizdə dağ-xizək kurortlarına ciddi maraq yaranıb. Ümumiyyətlə, Azərbaycanın kurort biznesi üçün böyük təbii imkanları var. Qarabağ, Naxçıvan, Cənub bölgəsinin bu baxımdan böyük imkanlar mövcuddur. Sadəcə, bu işə biznes təfəkkürü ilə yanaşmaq lazımdır. Azərbaycanın iş adamları bu barədə ciddi düşünməlidir”.