Bakıda Polşanın Konstitusiya Günü günü qeyd olunub.
APA xəbər verir ki, tədbirdə Polşanın Azərbaycandakı səfiri Rafal Poborski çıxış edib. Diplomat günün əhəmiyyətinə toxunub: “Dünyadakı bütün polyaklar üçün xüsusi gündə – 3 may 1791-ci il Konstitusiyasının qəbulunun ildönümündə bizə qoşulduğunuz üçün çox sağ olun. 233 il əvvəl dövlət sistemini tənzimləyən, Avropanın ilk müasir əsas qanunu – Konstitusiya Varşavadakı Kral Sarayında birləşmiş Polşa Krallığının və Böyük Litva Knyazlığının parlamenti tərəfindən qəbul edilib. Konstitusiya Birliyin yeni hakimiyyət sistemini elan etdi və dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan bir çox millətlərin azadlıq və hüquqlarını təsdiq etdi”.
Səfir qeyd edib ki, 1918-ci ildə siyasi müstəqillik əldə etdikdən dərhal sonra həm Polşa, həm də Azərbaycan bütün vətəndaşları üçün fundamental azadlıqlara və bərabər demokratik hüquqlara əsaslanan konstitusiyalar qəbul etdilər: “Həmin seçimlər 1990-cı ildə polyaklar və azərbaycanlılar tərəfindən kommunist mirasından qurtularkən də təkrarlandı. Bu, XX əsrin əvvəllərində və son üç onillikdə yaxşı və fəal Polşa-Azərbaycan əməkdaşlığının əsaslarını yaratdı. Bu gün biz bu əlaqələri artıq nəzərəçarpan nəticələr verən və davam edən layihələrlə genişləndirməkdən məmnunuq”.
Diplomat xatırladıb ki, ötən ilin sonunda Polşada yeni hökumət yaradılıb: “Xarici işlər naziri vəzifəsinin icrasına başladıqdan az sonra nazir Radoslav Şikorski azərbaycanlı həmkarı nazir Ceyhun Bayramov ilə telefon danışığı aparıb. Nazirlər əməkdaşlıq planlarını müzakirə edib, müvafiq olaraq paytaxtlarımıza səfər edilməsi müzakirə olunub və həmçinin Polşa-Azərbaycan əməkdaşlığı müzakirə mövzusu olub. Ötən həftə Polşa parlamenti qarşısında çıxış edən nazir Şikorski Cənubi Qafqaz multimodal nəqliyyat dəhlizlərinin inkişafını ikitərəfli və beynəlxalq əməkdaşlığın mühüm amili kimi qeyd edib. Şərq Tərəfdaşlığı proqramı və Aİ-nın Qonşuluq Siyasəti də bütün iştirakçı tərəfdaşların xeyrinə təhlükəsizlik və rifah sferasını genişləndirmək üçün vasitələr kimi vurğulanıb”.
Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev də çıxış edib. Nazir müavini iki ölkə arasında əlaqlərə toxunaraq onun tarixi köklərə söykəndiyini deyib.
Nazir müavini vurğulayıb ki, münasibətlər yüksək səviyyədədir, ölkələr arasında davamlı siyasi dialoq var.
Fariz Rzayev qarşılıqlı yüksək səviyyəli səfərlərə və hökumətlərarası komissyanın fəaliyyətinə toxunaraq bunun münasibətlərin dərinləşməsinə töhfə verdiyini vurğulayıb: “Əminəm ki, xalqlarımızın rifahı naminə münasibətlərimiz birgə səylər nəticəsində daha da genişlənəcək”.