ABŞ Dövlət katibi Entoni Blinkendən bir gün sonra Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Beləliklə, Ermənistanın Baş naziri Nikol Paşinyanla Brüsseldə görüşəcək və Ermənistana dəstək planını açıqlayacaq hər iki rəsmi şəxs – Blinken və Leyen dövlət başçısı İlham Əliyevi məlumatlandırmağı lazım bildi.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Blinkenlə Leyenin İlham Əliyevlə telefon danışığında fərq diqqəti çəkib:
“Blinken telefon danışığının başlanğıcında Brüssel görüşündən danışaraq Azərbaycanın narahatlığı üçün əsas olmadığını söyləmiş və bundan sonra da Vaşinqtonla Bakı arasında sıx əməkdaşlığın davamına toxunmuşdu. Leyen isə əksinə, əvvəlcə Avropa Birliyi ilə Azərbaycan arasında müxtəlif sahələrdə artan əməkdaşlıqdan danışaraq sonda Brüssel görüşü barədə fikirlərini səsləndirib. İlham Əliyev Azərbaycanın həm ABŞ, həm də AB ilə əməkdaşlığa sadiq qaldığını söyləməklə yanaşı, Brüssel görüşü barədə tənqidi fikirlərini də sözlərinə əlavə edərək, bunun gərginliyə səbəb olacağını xatırladıb.
Eyni səpkili açılamanı Türkiyə Xarici İşlər Nazirliyi yayımlayıb.
Vaşinqton və Brüssel Bakının narahatlığı barədə məlumatlıdır. Əgər Brüsseldə söhbət Ermənistana iqtisadi dəstəkdən gedəcəksə, bunun Azərbaycana dəxli olmayacaq, yox əgər Ermənistana təhlükəsizlik təminatı və hərbi yardım vədləri veriləcəksə, bu, bölgədəki vəziyyətə mənfi təsir edəcək. Seçim Vaşinqtonla Brüsselindir. Fransanın səhvi təkrarlanmamalıdır”.