14 mart 2024-cü il tarixində Riqa şəhərində Azərbaycan, Qazaxıstan, Türkiyə və Özbəkistanın Latviyadakı səfirliklərinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Latviyada ilk dəfə olaraq mədəni tədbir keçirilib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Latviyadakı Səfirliyi məlumat yayıb.
Tədbir Latviyanın əhəmiyyətli memarlıq abidələrindən biri olan və tanınmış mədəniyyət ocaqlarından sayılan Riqa Bourse İncəsənət Muzeyində təşkil olunub. Azərbaycan Respublikasının Latviyadakı səfiri Elnur Sultanov tədbirdə çıxış edib və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib. O, ortaq kökləri olan və Türkdilli ölkələr ailəsini təmsil edən səfirliklərin birgə qeyd etdiyi Novruz şənliyinin türk dünyası ilə Latviya arasında mədəni körpü rolunu oynadığını və əlamətdar hadisə olduğunu bildirib.
Səfir Novruz bayramının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb və bu bayramın Azərbaycan xalqının qədim və zəngin dünyagörüşünü və milli kimliyini təcəssüm etdirdiyini bildirib.
Elnur Sultanov builki Novruzun gəlişinin ötən il ölkəmizin suverenliyin və ərazi bütövlüyünün tam bərpasından sonra ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində qeyd olunması ilə əlaqədar xalqımızın üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Səfir, həmçinin öz çıxışında Novruz bayramının mahiyyəti, adət-ənənələri və milli xüsusiyyətləri barədə tədbir iştirakçılarına məlumat verib.
Sonra Qazaxıstanın Latviyadakı səfiri Dauren Karipov, Türkiyənin səfiri Şule Öztunç və Özbəkistanın müvəqqəti işlər vəkili Akrom Xodjayev çıxış ediblər və Novruz bayramı münasibətilə təbriklərini çatdırıblar.
Daha sonra qonaqlara Azərbaycan mədəni proqramı çərçivəsində Latviyada fəaliyyət göstərən “Buta” Azərbaycan Milli Xalq Rəqs Ansamblının ifasında “Qaval” xalq rəqsi təqdim olunub və Liepaya Musiqi, İncəsənət və Dizayn Orta Məktəbinin Caz bölməsinin rəhbəri, tanınmış qarmon ifaçısı Rüstəm Bağırov tərəfindən “Novruzu” Azərbaycan kompozisiyası ifa olunub.
Mədəni proqram Türkiyənin “Ebru” sənətinin sərgisi, Qazaxıstanın ”Akjarma” folklor ansamblının çıxışı və Özbəkistanın “Suzani” milli toxuma sənətinin master-klassı ilə davam edib.
Tədbirdə Latviyanın dövlət qurumlarının rəhbərləri və nümayəndələri, Latviya Seyminin üzvləri, Xarici İşlər Nazirliyinin rəsmiləri, bu ölkədə akkreditə olunan diplomatik missiyaların rəhbərləri, incəsənət xadimləri, akademik, ictimai dairələrin nümayəndələri, Latviyada yaşayan Azərbaycan icmasının üzvləri, eləcə də Latviyada təhsil alan tələbələr iştirak ediblər.