Azərbaycanın milli rəqsləri Moskva Dövlət Xoreoqrafiya Akademiyasında keçirilən konsertdə nümayiş olunub.
APA-nın Moskva müxbiri xəbər verir ki, “8 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunan konsertdə Azərbaycanın əməkdar artisti, Azərbaycan Dövlət Rəqs Ansamblının eks aparıcı solisti, Bakı Xoreoqrafiya Akademiyasının baş müəllimi Eteri Cəfərovanın tələbələrinin ifasında milli rəqslərimiz, eləcə də Qara Qarayev, Səid Rüstəmov və Ələkbər Tağıyevin musiqisi, Eteri Cəfərovanın xoreoqrafiyası ilə tərtib olunan rəqslər təqdim olunub.
Akademiyanın xalq səhnə kafedrasının müdiri, professor, Rusiyanın əməkdar incəsənət xadimi İnqa Voronina bildirib ki, Azərbaycan rəqslərinin akademiyanın səhnəsində nümayişi artıq ənənə halını alıb: “Birinci dəfə deyil ki, bizim səhnəmizdə Azərbaycan rəqsləri nümayiş olunur. Eteri Cəfərova Moskva Dövlət Xoreoqrafiya Akademiyasında artıq 8 rəqsə quruluş verib. Bütün bu rəqslər uğurlu alınıb. Ümumiyyətlə, Azərbaycan rəqsləri çox gözəldir, musiqilidir. Həm qrup şəklində, həm də solo ifada yaxşı görsənir”.
Akademiyanın xalq səhnə kafedrasının pedaqoqu və Moskva “Bolşoy Teatrı”nın repetitor-müəllimi Anna Antropova Azərbaycan rəqslərinin, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin onda hər zaman maraq oyatdığını söyləyib: “Təəssüflər olsun ki, biz Moskva Dövlət Xoreoqrafiya Akademiyasında təhsil alarkən ancaq erməni və gürcü rəqslərini ətraflı öyrənirdik, Azərbaycan rəqslərindən isə məlumatımız yox idi. Ötən ildən başlayaraq akademiyamızda Azərbaycan rəqsləri öyrənilir. Bu isə akademiyamızda dərs deyən Azərbaycanın əməkdar artisti Eteri Cəfərova sayəsində mümkün olub. Məhz onun sayəsində bizim birgə yaradıcılığımızla ötən il akademiyanın tələbələri dövlət imtahanında Eteri Cəfərovanın quruluş verdiyi iki Azərbaycan rəqsini ifa ediblər”.
Qeyd edək ki, əməkdar artist Eteri Cəfərova Azərbaycan milli rəqslərinin Rusiyada təbliği ilə məşğul olur. Beynəlxalq Xoreoqrafiya Akademiyasının fəxri akademiki, hal-hazırda Moskva Dövlət Xoreoqrafiya Akademiyasının assitent-stajoru olan həmyerlimiz müntəzəm olaraq akademiyada ustad dərsləri keçir. Ötən il E. Cəfərova akademiyada milli rəqslərimizə həsr olunan “Azərbaycan rəqslərinin əsasları” adlı seminar təşkil edib. Həmin seminar zamanı akademiyanın müəllim və tələbələrinə Azərbaycanın musiqi tarixi barədə ətraflı məlumat verilib, Üzeyir Hacıbəyli, Bülbül, maestro Niyazi, Qılman Salahov kimi dahi musiqiçilərin Azərbaycanın musiqi tarixinə verdiyi töhfələrdən, şərqdə və Azərbaycanda ilk balerina, görkəmli xoreoqraf Qəmər Almaszadə, Əminə Dilbazi, Roza Cəlilova, Leyla Vəkilova, Afaq Məlikova və digər tanınmış rəqqas və xoreoqraflarımız və onların yaradıcılığı barədə danışılıb. Azərbaycanın milli rəqsləri olan “yallı”, “nəlbəki”, “toy rəqsi”, “sarı gəlin” və digərləri barədə seminar iştikarçılarına tarixi və müasir kadrlardan ibarət videomateriallar Eteri Cəfərovanın şərhi ilə nümayiş olunub.