XİN-in rəhbəri heyəti İranda terror aktında şəhid olan Orxan Əsgərovun məzarını ziyarət edib.
APA xəbər verir ki, nazir Ceyhun Bayramov başda olmaqla Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti ötən il Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun II Şəhidlər Xiyabanında məzarını ziyarət edib.
Şəhid Orxan Əsgərovun ruhuna dualar oxunub, məzarı üstünə tər güllər düzülüb.
3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalı ilə təltif edilib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Baş vermiş cinayət hadisəsi üzrə İran İslam Respublikasında istintaq edilən cinayət işinin gedişatı Azərbaycan Baş Prokurorluğu tərəfindən diqqətlə izlənilir və qarşı tərəflə mütəmadi əlaqə saxlanılır.
Belə ki, İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib.