Məktəb rəhbərlərinə tapşırıqlar verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ikinci yarımilə hazırlıq məqsədilə Pedaqoji şuraların iclaslarının keçirilməsinə başlanıb.

 

BŞTİ-dən APA-ya bildirilib ki, iclaslar ilk olaraq paytaxtdakı 317, 188 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində keçirilib.

İclaslarda ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, ümumi təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb psixoloqlarının altı aylıq hesabatı dinlənilib.

 

Pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışılıb. İclaslarda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib.

 

Paytaxtın digər ümumi təhsil müəssisələrində də müvafiq mövzular üzrə Pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulur.

 

Xatırladaq ki, bir müddət əvvəl 317 nömrəli məktəbdə ibtidai sinif müəlliminin I sinif şagirdləri ilə kobud rəftar etdiyi ilə bağlı görüntülər yayılıb, 188 nömrəli məktəbin şagirdləri arasında isə kütləvi dava olub.

Comments (0)
Add Comment