Bu gün Azərbaycan Respublikasının Şəhid Milli Qəhrəmanı Vasili Əhməd oğlu Əliyevin mövludundan daha bir il ötür.
O, 15 yanvar 1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur.
Qubadlı rayon kənd orta məktəbində orta təhsilini başa vurduqdan sonra Qubadlı rayon Hərbi Komissarlığı tərəfindən orduya çağırılmışdır.
Daxili qoşunlarda xidmət etməsi Vasilinin polisə həvəsini daha da artırır. Ordudan tərxis olunduqdan sonra onu mühafızə bölməsinə gözətçi, daha sonra isə Qubadlı Rayon Daxili İşlər Şöbəsinə polis nəfəri kimi işə qəbul edirlər. O, nümunəvi işçi kimi hamının hörmətini qazanmışdı. Əla xidmətinə görə Daxili İşlər Nazirliyi onu “Polis əlaçısı” döş nişanı ilə təltif etmişdi.
O, 1988-ci ildən başlayaraq tez-tez döyüş meydanlarında olur, əhalinin təhlükəsizliyinin təmin edilməsində, bir çox kəndlərin müdafiəsində də mərdliklə vuruşmuş, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında xüsusi qəhrəmanlıq göstərmişdi.
20 oktyabr 1992-ci ildə Qubadlı rayonunun Topağac yüksəkliyi uğrunda gedən döyüşlər cəsur Vasili və onun dəstəsi üçün son döyüş oldu. Onlar Vətən yolunda canlarından keçdilər.
Ailəli idi. İki övladı yadigar qaldı.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Vasili Əhməd oğlu Əliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qubadlı rayonunda Şəhidlər Xiyabanında dəfn edilmişdir. Qubadlı rayon Mədəniyyət evi və Diləli-Müskanlı kənd orta məktəbi qəhrəmanımızın adını daşıyır.
Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!