Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Şəhid Milli Qəhrəman Məmmədov Eldar Harun oğlunun mövludundan daha bir il ötür.

 

Eldar Məmmədov 10 yanvar 1968-ci ildə Bakı şəhərində anadan olub. 

Orta təhsilini 189 saylı tam orta məktəbdə alan Eldarın vətənə olan sevgisi onun C.Naxçıvanski adına Hərbi Məktəbdə ali təhsil almasına səbəb oldu.

Daha sonra hərbi biliyini artırmaq üçün Riqadakı Qırmızı bayraqlı Ali Hərbi-Siyasi Məktəbdə təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra SSRİ Silahlı Qüvvələrində qulluq etmişdir.

Gənc leytenant Eldar Məmmədov birinci Qarabağ savaşı başlayan zaman Vətəninin, millətinin çətin günündə öz ölkəsinə qayıdır və yenicə yaradılan Sərhəd Qoşunlarında xidmətə başlayır. Göstərdiyi şücaətlərə  görə ona baş leytenant rütbəsi verilir.

O, Sərhəd Qoşunları İdarəsinin könüllülərdən ibarət batalyonu yaradaraq Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş və  düşmənə ağır zərbələr vurmuşdur.

Ağdərə rayonunun daha bir yüksəkliyi uğrunda gedən qızğın döyüşlər nəticəsində ağır yaralanmasına baxmayaraq Eldar  düşmənin xeyli canlı qüvvəsini məhv etdi.

Təəsüf ki, bu, onun son döyüşü oldu. Beləliklə, adını Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazdıran Eldar Məmmədov 24 fevral 1993-cü ildə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

Subay idi.

Azərbaycan Respublikası Prezidenti tərəfindən baş leytenant Məmmədov Eldar Harun oğlu  ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ

Comments (0)
Add Comment