Şəhid Milli Qəhrəman İlqar İsmayılov

Azərbaycanın Milli Qəhrəmanı  İlqar İsmayılov Sədi oğlu 1959- cu il Bakı şəhərində  Sədi İsmayılovun ailəsində yazın ilk ayında, martın 29- da oğlan uşağı dünyaya gəlmişdir. Bu əlamətdar, sevincli gündə anadan olan oğlan uşağının adını İlqar qoymuşlar.

İlqar uşaq ikən üzündən təbəssüm yağan, cəsur, qorxmaz, bir igid kimi görünür,  qəhrəmanlıq ruhunda tərbiyə alırdı. 1966- ci ildə 45 saylı orta məktəbin birinci sinfinə getmiş, 1976- ci ildə orta təhsilini başa vurmuşdur.Əslən Qazax rayonundan olan bu cəsur orta məktəbi tamamlayandan sonra, 1976- ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnsitutuna daxil olmuşdur. Eyni zamanda “Cüdo üzrə idman ustası” adına da layiq görülmüşdür.

1981- ci ildə Nərimanov rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Bakı Ordu İdman Klubunda xidmət etmişdir. “Dinamo” idman klubunda məşqçi işləmişdir. Öz gücünə inanan, qayda – qanunu hər şeydən üstün tutan, xalqını, vətənini sevən İlqar  İsmayılov Daxili İşlər Nazirliyində leytenant rütbəsi alaraq Sabunçu rayon, Daxili İşlər şöbəsində əməliyyat müvəkkili vəzifəsinə təyin edilmiş və kapitan rütbəsinə qədər yüksəlmişdir.

1991- ci ilin dekabrından başlayaraq tez- tez döyüş bölgələrinə yollanan İlqar erməni yaraqlılarına qarşı aparılan əməliyyatlarda iştirak etmişdir. Onun şücaəti və cəsarəti nəticəsində ermənilər tərəfindən vuruşan bir neçə xarici ölkə vətəndaşı girov götürülmüşdür.Bu igid Vətən oğlu, özünü əsl qəhrəman kimi göstərməyə başlamış, Şuşanın Malıbəyli,Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazisində gedən döyüşlərdə böyük igidliklər göstərmişdir. 1992- ci ildə Laçın rayonuna ezam olunan İlqarın rəhbərliyi altında 128 nəfər döyüşçümüz Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyini erməni işğalçılarından təmizləmişdir. Cəsur komandir İlqar 1992- il oktyabrın 1- də qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən  İlqar İsmayılov Sədi oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilmişdir.

Bakı küçələrindən birində və 45 saylı tam orta məktəbin önündə büstü qoyulmuşdur.

Vətəni canından əziz tutubdur

İsmayılov İlqar, o, Sədi oğlu.

Düşmənə ən ağır zərbə vurubdur

İsmayılov İlqar , o, Sədi oğlu.

Hay verdi Vətənin haray səsinə,

Tutmadı özünü tay özgəsinə,

İnandı , güvəndi öz qüvvəsinə

İsmayılov İlqar , o, Sədi oğlu.

Bilirdi bağlıdır yurdun qolları,

Düşmən minalayıb sağı, solları.

Qanlı-qadalıdır hər bir yolları

İsmayılov İlqar , o, Sədi oğlu.

Cavanşir, Babəki yaxşı bilirdi

Baxıb Xocalıya güc gətirirdi.

Axan göz yaşını gizlin silirdi

İsmayılov İlqar, o, Sədi oğlu.

Hər döyüş olanda lərzə salırdı

Düşmənin başını alov alırdı.

Düşmənlə üzbəüz təkcə qalırdı

İsmayılov İlqar , o, Sədi oğlu.

Əslən Qazaxlı, elin oğludur,

Qəhrəman ad alan, qoç Koroğludur.

Həyatdan köçsə də, sinə dağlıdır

İsmayılov İlqar, o, Sədi oğlu.

Unutmaz bu vətən , el – oba onu

Əcnəbi əsirlər gətirdi sonu.

Meydanda görürdü hər cürə donu

İsmayılov İlqar, o, Sədi oğlu

Tarix səhifəsində oldu qəhrəman

Onu da göstərdi ən doğru zaman.

Açdı qəlbimizdə silinməz güman

İsmayılov İlqar o Sədi oğlu.

Qurban Göyçəliyəm, haqqa bağlıyam

Yanar Vətən üçün, sinə dağlıyam.

İstərəm dastanı belə bağlıyam

İsmayılov İlqar, o, Sədi oğlu.

VƏTƏNQƏHRƏMANLARI.AZ

Qurban Göyçəli ( Həsənov).

Comments (0)
Add Comment