Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə bir qrup qazinin yanvarın 2-də Türkiyəyə səfəri başlayıb.
AZƏRTAC xəbər verir ki, 1922-ci il yanvarın 3-də Mersin, 5-də isə Adana şəhərlərinin düşmən işğalından azad edilməsinin il dönümləri ilə əlaqədar olaraq Vətən müharibəsi iştirakçılarından ibarət Azərbaycan nümayəndə heyəti qardaş ölkədəki tədbirlərdə iştirak edəcək, hərbiyönümlü rəsmi şəxslərlə, partiya rəhbərləri ilə görüşlər keçirəcək.
Səfər barədə məlumat verən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Azərbaycan-Türkiyə əlaqələrinin günü-gündən inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəyə qalxmasında Ümummilli Lider Heydər Əliyevin də böyük əməyi var. Onun “Bir millət, iki dövlət” şüarı və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı bu birliyin və qardaşlığın rəmzinə çevrilib: “Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın da qardaşlıq əlaqələri münasibətləri daha da inkişaf etdirərək müttəfiqlik səviyyəsinə yüksəldib. İki qardaş ölkə bütün platformalarda bir-birini dəstəkləyir, biri-birinin yanındadır. Hərbiyönümlü təşkilatlar da bu əlaqələri yüksək səviyyədə davam etdirirlər. Belə ki, Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyi ilə 2014-cü ildən bəri çox sıx əməkdaşlığımız var. Bu məqsədlə ildə bir neçə dəfə qarşılıqlı olaraq Türkiyə və Azərbaycana qazilərinin səfərləri təşkil olunur”.
E.Həsənli əlavə edib ki, qazilərin asudə vaxtının səmərəli təşkili, həmçinin iki ölkə arasında hərbiyönümlü QHT-lərin əməkdaşlığı, hərbi sahədə təcrübə mübadiləsinin aparılması da səfərlərin əsas məqsədlərindəndir.
Qeyd edək ki, yanvarın 2-dən 11-dək davam edəcək səfər çərçivəsində Türkiyənin Ankara, Adana və Mersin şəhərlərində müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur.