İranda ilk: Azərbaycanca jurnala icazə verildi

İranda ilk dəfə Mədəniyyət Nazirliyinin icazəsi ilə türkcə yayımlan “Azərbaycan və türk tarixi araşdırmaları” adlı elektron jurnal işıq üzü görüb. Artıq dərginin ilk sayı təqdim olunub. Bir sıra yeniliklər də nəzərdə tutmuşuq.

 Axar.az xəbər verir ki, bu sözləri Kult.aza dərginin müdiri və baş redaktoru Tohid Məlikzadə deyib.

“Yenilik dedikdə, nəzərdə tutmuşuq ki, məqalələr üç dildə – fars, ingilis və Azərbaycan türkcəsində yayımlansın. Jurnalda yer alan yazılar ərəb əlifbası ilə yanaşı, latın əlifbası ilə də nəşr olunacaq.

Birinci sayını dərc etmişik. Azərbaycan türkcəsində ərəb əlifbasında yayılıb. İkinci nömrəsi isə fevralın sonlarında çıxacaq. İkinci nömrədə latın qrafikasında da yazıların işıq üzü görməsi nəzərdə tutulub. Ümid edirəm ki, bu cəhdimiz uğurlu olacaq. İlk dəfədir ki, burada Azərbaycan türkcəsi əski əlifba ilə yanaşı, latın qrafikasında da dərc olunur. İranda, adətən saytlar iki dildə – fars və ingilis dilində yayımlanır”.

Tohid Məlikzadənin sözlərinə görə, jurnal mədəni, tarixi və araşdırma yazılarına açıqdır və arzu edən hər kəs onlarla əməkdaşlıq edə bilər:

“Bizim işimiz, sadəcə, mədəniyyətimizi yaymaqdır. Azərbaycanımızın mədəniyyətini, burda olan varlığımızı, yazıçı və araşdırmaçıları tanıtmaqdır. Bu jurnal bir növ körpü rolu oynayacaq. İnternet vasitəsi ilə qurulan bir körpüdü. Bu, dünyanın istənilən yerindən jurnalı oxumağa və hətta müəllifi ilə əlaqə yaratmağa imkan verir. Xaricdə əski əlifbanı bilmirlər, lakin latın qrafikasında olan məqalələri digər soydaşlarımız da rahat bir şəkildə oxuya biləcəklər. Qeyd edim ki, Azərbaycan türkcəsi, ingilis və farsca məqalələr qəbul olunur. Odur ki, növbəti sayımızadək dünyanın istənilən yerindən olan alimlərimiz, yazıçılarımız öz məqalələrini göndərməyə tələssələr, yaxşı olar”.

Comments (0)
Add Comment