Bu gün Şəhid Vətən Müharibəsi Qəhrəmanının mövludundan daha bir il ötür.
Surxay Noçuyev Əbdül oğlu 19 dekabr 1988-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində anadan olub. Orta təhsilini Xarici Dillər Təmayüllü Gimnaziyada bitirdikdən sonra Vətənə olan sevgisi onu hərb sahəsinə yönəltdi. Ali təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində almış, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Və Tədris Mərkəzinin “Zabit ixtisas kursu”nu bitirib və “Leytenant ” rütbəsinə layiq görülmüşdür.
Zabit kimi fəaliyyəti müddətində Noçuyev Surxay motoatıcı taqım komandiri, mexanikləşdirilmiş taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-1) mexanikləşdirilmiş bölüyünün komandiri, mexanikləşdirilmiş taborun (BMP-3) mexanikləşdirilmiş bölüyünün komandiri, qərargah bölüyünün komandiri, motoatıcı bölük komandiri, motoatıcı tabor komandirinin maddi-texniki təminat üzrə müavini, motoatıcı taborun qərargah rəisi-tabor komandirinin müavini, motoatıcı taborun komandiri, mexanikləşdirilmiş taborun (BTR, SandCat) komandiri vəzifələrində xidmət edib.
“Kapitan” hərbi rütbəsinədək yüksəlib.
Azərbaycan Respublikasının torpaqlarının işğaldan azad olunması uğrunda 2020-ci il 27 sentyabrda başlayan Vətən müharibəsində komandiri olduğu mexanikləşdirilmiş taborun şəxsi heyəti ilə birlikdə döyüşlərdə xüsusilə fərqlənib, şücaət və rəşadət nümunələri göstərərək Füzulinin, Zəngilanın, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Düşmənin çoxsaylı canlı qüvvəsini və texnikasını məhv edib. 9 noyabr 2020- çi il Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlər Surxay üçün son döyüş oldu.
12 noyabr 2020-ci il tarixdə II Fəxri Xiyabanda dəfn olunub.
Ailəli idi. Bir qız və bir oğlan övladı yadigar qaldı.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra), “Vətən uğrunda” medalı (ölümündən sonra), “Qubadlının azad olunmasına görə” (ölümündən sonra), “Füzulinin azad olunmasına görə” (ölümündən sonra), “Şuşanın azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.
2021-ci ildə Zəngilan rayonu 1 nömrəli tam orta məktəbə (müvəqqəti olaraq Bakı şəhəri, Binəqədi rayonunda yerləşir) Vətən Müharibəsi Qəhrəmanı Surxay Noçuyevin adı verilmişdir.