Bu gün Azərbaycan Respublikasının Şəhid Milli Qəhrəmanı Mikayıl Cəbrayılov Əhmədiyyə oğlunun şəhadətindən daha bir il ötür.
Mikayıl Cəbrayılov 27 aprel 1950-ci ildə Şəki rayonunun Oxud kəndində, ikinci dünya müharibəsində əfsanəvi partizan olan Fransa milli qəhrəmanı Əhmədiyyə Cəbrayılovun (“Armed Mişel”) ailəsində doğulmuşdur.
Orta təhsilini başa vurduqdan sonra Vətənə olan sevgisi onu hərb sahəsinə yönəltdi. Milis məktəbində ali təhsilini başa vurduqdan sonra leytenant rütbəsi ilə sahə müvəkkili təyin edilir.
1990-cı ildə Mikayıl Cəbrayılov tabeliyində 4 milis işçisi Eyvaz,Nazim,Azər və Arzu Əliyevlə birlikdə Qarabağa ezam olunur. Onlar Cəmilli kəndini düşməndən müdafiə etməli idilər. Yolda erməni döyüşçülər onları pusquya salır və onların olduğu maşını atəşə tuturlar. Milis nəfəri Arzu Əliyev başından aldığı snayper gülləsindən yerindəcə Şəhid olur. Erməni döyüşçülərlə ölüm-dirim savaşına atılan Mikayıl Cəbrayılov çiynindən güllə yarası almasına baxmayaraq o təslim olmur, son anadək vuruşaraq 1990-il 15 dekabrda döyüş yoldaşlarını və bir qrup kənd sakinini xilas edərkən qəhrəmancasına Şəhid olur.
Şəki rayonunun Oxud kəndində dəfn edilmişdir.
Ailəli idi. 4 övladı yadigar qaldı.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Cəbrayılov Mikayıl Əhmədiyyə oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Mikayılın adına Şəki şəhərində küçə var.
Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi tərəfindən qəhrəmanımızın ailəsinə dərin hüznlə başsağlığı veririk.