Veysəloğlu Şirkətlər Qrupu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında tərəfdaşlıq çərçivəsində “Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektor əməkdaşlığı” mövzusunda konfrans keçirilib.
“Azinforum.az” xəbər verir ki, “OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovanın da iştirak etdiyi tədbirdə VŞQ 2 kiçik fermerə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2 ədəd traktor və 11 fermerə dəyərli texnika və avadanlıqlar təqdim edilib.
Tədbirdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Şirkətlər Qrupumuzun təsisçisi Aydın Talıbov, Qrup CEO Burak Dəniz müvafiq olaraq kənd təsərrüfatının inkişafı, bu sahədə hədəflər, dövlət dəstəyi tədbirləri və güzəştlər, eləcə də özəl sektorun fermerlərlə əməkdaşlığı barədə məlumat veriblər.
Tədbir zamanı fermerlər özəl sektorla əməkdaşlıq təcrübələrini bölüşüb, Şirkətlər Qrupunun qurduğu “soyuq zəncir” nəticəsində onların məhsullarını satmaq üçün vaxt və pul sərf edərək Bakıya gəlmələrinə ehtiyac qalmadığını, məhsullarını şirkətin regional anbarlarına çatdırmaqla satışa nail olunduğunu bildiriblər.
VŞQ-nin “Tarladan rəfə” strategiyası üzrə təqdimat zamanı qeyd edilib ki, məhsulların birbaşa tarladan mağaza rəflərinə gətirilməsi ilə bağlı 52 fermerlə başlanılan təşəbbüsün nəticəsi olaraq əməkdaşlıq edilən fermerlərin sayı 190-ı keçib. VŞQ 2023-cü ilin yanvar-noyabr ayları ərzində fermerlerdən 50 min tona yaxın kənd təsərrüfatı məhsulu alaraq “OBA” və “Araz” market şəbəkələrində satışını həyata keçirib.