Hərbçilər arasında güləş çempionatının bağlanış mərasimi

Dövlət Sərhəd Xidməti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakıda təşkil olunan hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının bağlanış mərasimi keçirilib.

 

“Qafqazinfo” xəbər verir ki, tədbir xüsusi orkestrin müşayiətilə çempionatda iştirak edən 18 ölkənin bayrağının zala gətirilməsi ilə başlayıb.

Beynəlxalq Hərbi İdman Şurasının Avropa üzrə vitse-prezidenti Dirk Şvede bildirib ki, mundial yüksək səviyyədə keçib. Onun sözlərinə görə, Azərbaycanda hər sahədə olduğu kimi idmanda da inkişaf yüksək səviyyədədir: “Dünya çempionatında iştirak edən güləşçilərin mübarizə aparması üçün hər bir şərait var idi. Yarış ərzində həm dostluq, həm də rəqabətin şahidi olduq”.

O, çıxışının sonunda qalibləri təbrik edərək, Azərbaycana təşəkkürlər edib.

Ardınca Təşkilat Komitəsinin nümayəndələri Elnur Həbibov, Elşən Mirzəyev və Firdovsi Umudov Beynəlxalq Hərbi İdman Şurasının medalları ilə təltif olunublar. Dövlət Sərhəd Xidmətinin rəisi-müavini Abbas Xəlilova isə qurumun ordeni verilib.

O bildirib ki, Prezident İlham Əliyevin idmana qayğısı nəticəsində ölkəmizdə bir çox beynəlxalq yarışlar uğurla təşkil olunur: “Dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsi bizim üçün xüsusi məna kəsb edir. İdman özündə sülh, dostluq rəmzlərini birləşdirir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır”.

Xəlilov təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə və Azərbaycan Güləş Federasiyasına minnətdarlığını bildirib.

Sonda isə çempionatla əlaqədar video-çarx nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan millisi mundialı 21 medalla başa vurub.

Comments (0)
Add Comment