Rusiya Federasiyasının Murmansk şəhərində gənc azərbaycanlı müəllimə Ağayeva Səbrinə Tələt qızı “Rusiya Sağlamlıq müəllimi-2023” Ümumrusiya müsabiqəsinin regional mərhələsinin qalibi olmuşdur. Bu müsabiqə ölkə müəllimlərinin məktəbdə sağlamlıq mədəniyyətinin formalaşmasında ən yaxşı təcrübələrini ümumiləşdirməyə imkan verir. Murmansk şəhərində yaşayan 21 yaşlı həmyerlimiz Səbrinə Ağayeva 41 saylı Murmansk məktəbində üçüncü sinif şagirdlərinə dərs deyir. Onu dəstəkləyən həmkarlarına hörmətlə yanaşır. “Bir il əvvəl Murmansk Pedaqoji Kollecini bitirmişəm. Diplom işimdən əvvəl təcrübə keçdiyim məktəbdə işləməyə gəldim. İndi bir il işlədikdən sonra bütün çətinliklərə baxmayaraq peşəmi sevdiyimi başa düşürəm. Bu müddət ərzində bir neçə çətinliklərlə rastlaşdım, lakin bu məni ruhdan salmadı. Əldə etdiyim təcrübə həyatımda mənə faydalı olacağına əminəm. Düşünürəm ki, çox şanslıyam, çünki yanımda işləyən gözəl həmkarlarım var. Müəllim heyətimizdə çox isti iş mühiti var. Həmişə bir-birimizin köməyinə gəlirik, məsləhətlər alır və müxtəlif tədbirlərdə birlikdə iştirak edirik. Bütün bunlar bizi birləşdirir və yaradıcı potensialın inkişafına kömək edir”,- deyə Səbrinə Ağayeva saytımıza bildirib.
Qeyd edək ki, Səbrinə Ağayevanın bu uğuru Murmanskdakı diasporumzun da çox böyük sevincinə səbəb olub. Murmansk vilayəti “Azərbaycan Mədəniyyət Mərkəzi” İctimai Təşkilatının sədri Afil Hüseynov Səbrinə Ağayevanı bu gözəl gün münasibətilə səmimi qəlbdən təbrik edib. “Çətin, lakin vacib və zəruri peşəyə olan sevginizi hər zaman qorumağınızı diləyirik. Şagirdlərinizin sevgisi və hörməti, uğurlarınız və nailiyyətləriniz üçün qürur hissi sizə daha da stimul versin. Sizə uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayırıq”, – deyə təbrikdə bidirilib.