Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, vətənpərvər şair, publisist, jurnalist, BDU-nun kafedra müdiri, S.Yesenin, H.B.Zərdabi və bir çox mükafatların laureatı, Birinci Qarabağ müharibəsi veteranı Knyaz Aslan kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Cəbhədən əsgər gəlir” poemasını təqdim etdi.
Poemada Qarabağı, işğal altında olan torpaqlarımızı azad edən, Ali Baş Komandana Zəfər sorağı verərək əzəmətlə dayanan, qalib, müzəffər, igid, qəhrəman, tarix yazan Azərbaycan əsgərinin obrazı tərənnüm olunur. Şair qürurla vurğulayır ki, igid Azərbaycan əsgəri Cəbrayılı, Suqovuşanı, Qubadlını, Ağdamı, Füzulini, Zəngilanı, Şuşanı, Laçını, Kəlbəcəri və başqa torpaqlarımızı azad edərək xalqımıza Qələbə sevincini yaşatdı.
CƏBHƏDƏN ƏSGƏR GƏLİR
Cəbhədən əsgər gəlir!..
Ərən gəlir, nər gəlir!..
Açılıb nur qolları,
Üzü gülür yolların,
Oğul gəlir, ər gəlir!..
Cəbhədən əsgər gəlir!..
Cəbhədən əsgər gəlir!..
Sevinc içində hamı,
Boylanır məhəbbətlə…
Verib əsgər salamı,
Dayanıb əzəmətlə…
Qayıdır ön cəbhədən
Müjdəylə, şücaətlə…
Ona güvənir Vətən,
Döyüşüb mətanətlə…
Görüb qanlı savaşı,
Öpüb torpağı, daşı,
Eldə ucadır başı,
Gəlir, xoş xəbər gəlir,
Cəbhədən əsgər gəlir!..
Cəbhədən əsgər gəlir!..
Göylərdə dalğalanan
Bayraqlar rəngbərəngdir…
Azərbaycan!..
Türkiyə!..
Sədası həmahəngdir…
Əsgər paltarı geyən
Hər uşaq bir çələngdir!..
Bu gün güllər, çiçəklər
Qəşəngdən də qəşəngdir!..
Qurub inam dağını,
Qırıb işğal bağını,
Yarıb yağı bağrını,
Qələbə, zəfər gəlir,
Cəbhədən əsgər gəlir!..
Cəbhədən əsgər gəlir!..
Xoş müjdələr alınca
Ürəklər dönür şama,
Zəfər zəfər dalınca
Məlhəm olur yarama…
Soraq var Cəbrayıldan,
Qubadlı yetir kama,
Suqovuşan azaddır,
Ağ gün doğur Ağdama…
Füzuli qəlb yarımız,
Zəngilan zər varımız,
Şuşa Şah damarımız,
Laçın, Kəlbəcər gəlir,
Cəbhədən əsgər gəlir!..
Sərkərdəmiz əyninə
Geydi əsgər libası,
Bağlandı bir-birinə
Xalqla ordu təması.
Şükür, qalmadı yerdə
Şəhidlərin qisası!..
İgidlər ön səngərdə
Tutdu düşmənə yası…
Şəhidlər baş tacımız,
Yaralılar acımız,
Qazilər əlacımız,
Əmrə səfərbər gəlir!
Cəbhədən əsgər gəlir!..
Otuz illik qəm bitib,
Təbiət gəlib cana,
Həsrət çəkən dağların
Nisgili çatıb sona,
Gözündə sevinc yaşı
Şadlanır ata, ana…
Doğmalar iftixarla
Dayanırlar yan-yana…
Uca tutub bayrağı,
Yetib şöhrətə, şana,
Qanla alıb torpağı,
Tarix yazıb zamana!..
Qaytarıb Qarabağı
Anam Azərbaycana,
Verib Zəfər sorağı
Ali Baş Komandana,
Qalib, müzəffər gəlir!..
Cəbhədən əsgər gəlir!..
Cəbhədən əsgər gəlir!..