Azərbaycan Universiteti Siyasi elmlər kafedrasının təşəbbüsü ilə “Diplomatik Masa” simulyasiya layihəsinə başlanılıb. Layihə çərçivəsində universitetin tələbələri müxtəlif mövzularla bağlı dünya dövlətlərinin mövqelərini müdafiə etməyə çalışaraq debat və diskussiyalara cəlb olunur, siyasi və diplomatik arqumentlər gətirərək masada qarşı tərəfi üstələməyə çalışırlar.
Layihənin ideya müəllifi Azərbaycan Universitetinin kafedra müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski bildirib ki, diplomatiya dövlətlər arasında əlaqələri yaradan vasitə kimi əhəmiyyət kəsb edir və dövlət siyasətinin tərkibini özündə cəmləşdirən aktlardan ibarətdir. Onun sözlərinə görə diplomatiya danışıqlar aparmaq məharətini özündə əks etdirən bir sahədir ki, layihənin keçirilməsində də əsas məqsəd tələbələrdə natiqlik, müstəqil araşdırma və debat kimi bacarıqların inkişaf etdirilməsinə nail olmaqdır. E.Talışinski qeyd edib ki, layihənin iştirakçıları ilə hər biri ölkəmizin ictimai-siyasi həyatında fəallığı ilə seçilən Siyasi elmlər kafedrasının müəllimləri çalışırlar.
Layihə çərçivəsində artıq “Azərbaycan-Rusiya” və Azərbaycan-Fransa” münasibətlərinə həsr olunmuş iki “Diplomatik Masa” simulyasiyası həyata keçirilib və tələbələr təmsil etdikləri dövlətlərin mövqelərini diplomat kimi müdafiə etməyə çalışıb. Qeyd edək ki, layihə öz işini bundan sonra da davam etdirəcək.