Prezident İlham Əliyev: “Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib”
Noyabrın 3-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü bir daha türk birliyini ortaya qoydu. Bu tədbir göstərdi ki, Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin birliyində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışında bu məqamı xüsusi vurğuladı. Azərbaycan Prezidenti Türk dövlətlərinin birliyinin, həmin ölkələrin qarşılıqlı fəaliyyətinin vacibliyini bu fikirlərlə bir daha təsdiqləyib: “Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”. Təxminən ötən 30 il müddətində Türk Dövlətləri Təşkilatı bir təşkilat kimi əhəmiyyətli şəkildə inkişaf edib. Təşkilat türk dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları və başqa sahələrdə əlaqələrin inkişafında önəmli rol oynayır. Türk Dövlətləri Təşkilatının digər mötəbər təşkilatlarla əlaqələri genişlənir. Bununla təşkilatın siyasi çəkisi də artmış olur. Türk Dövlətləri Təşkilatı çərçivəsində keçirilən tədbirlərdə türk düyasının zəngin mədəni irsi tədqiq olunur, maddi və mənəvi dəyərlərimiz dünya səviyyəsində tanıdılır. Türk Dövlətləri Təşkilatının müxtəlif orqanları da uğurla fəaliyyət göstərir. Türk dövlətləri bir sıra sahələr üzrə birgə fəaliyyət göstərir. Bu da türk xalqları arasında dostluq və qardaşlıq əlaqələrini daha möhkəmləndirir.
Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə qəbul olunan Astana aktı və Astana Zirvə görüşünün Bəyannaməsi türk düyası üçün önəm daşıyan sənəddir. Əlbəttə ki, türk dövlətləri prezidentlərini bir arada görmək hər bir türkü qürurlandırır. Türk dövlət rəhbərlərinin Astanada toplanması və birgə şəkil çəkdirmələri gözlədiyimiz tablo idi. Elə Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü məhz bu birliyə xidmət edən tədbir idi. Bu, həm də türk dövlətlərinin dünyaya verdiyi həmrəylik mesajıdır.
Türk dövlətlərinin birliyinin və əməkdaşlığının daha da güclənməsi üçün görüləsi çox işlər var. Bu gün türk ölkələri xalqları bir-birilərinin tarixindən, mədəniyyət və incəsənətindən, kulinariyasından xəbərsizdirlər, yaxud da kifayət qədər məlumatlara malik deyillər. Elə Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin mükəmməl turizm imkanları var. İstər təbii, istər tarixi mənzərələri görmək bütün üzv ölkələri insanında böyük maraq oyadar. Fikrimizcə, öncə turizm sahəsində böyük güzəştli imkanlar yaradılmalı, vizalar və digər əngəllər qaldırılmalı, bir türk insanı bəyəndiyi hər hansı türk ölkəsində istədiyi sahədə iş qurmaq çətinliyi olmamalıdır. Eyni zamanda türk dövlətlərini birləşdirən bir təhsil müəssisəsi yaradılmalı və bütün türk dövlətlərində bu universitetin filialı açılmalıdır. Təhsil 5 il, hər kursu bir ölkədə olmaqla tədris edilməlidir. Fikrimcə, belə bir addım öz bəhrəsini mütləq verəcək.
Türk Dövlətləri Təşkilatı türk dövlətlərinin birliyində əhəmiyyəti böyükdür. Türk xalqlarının dövlətlərinin birliyində TDT başda ticarət olmaqla, bir çox sahələrdə böyük önəm daşıyır. İnanırıq ki, qısa zamanda Avropa Birliyi kimi Türk Birliyi qurulacaq. Ən əsası isə ölkələr arasındakı var olan körpülərin daha da möhkəmləndirilməsi ilə bərabər, yeni körpülər də qurulacaq.
Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin güclənməsinə hər zaman öz töhfəsini verir. Təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatının Azərbaycanda da zirvə görüşləri keçirilib. Prezident İlham Əliyevin dediyi kimi, Türk Dövlətləri Təşkilatı uğurlu inkişaf yolu keçib: “2009-cu ildə Naxçıvan Zirvə görüşündən ötən müddət ərzində əməkdaşlıq əlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün təşkilat beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malikdir”. Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının ilk zirvə görüşü 1992-ci ildə Ankarada keçirlib. 2009-cu ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Naxçıvan şəhərində Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü keçirilib. Prezidentlər IX zirvə görüşünün yekunu olaraq Naxçıvan bəyannaməsini imzalamışdılar. Azərbaycan etibarlı tranzit ölkəsi olaraq, türkdilli ölkələrin dünya bazarlarına çıxışı üçün səylərini davam etdirir. Türk dünyasına açılan qapının açarı, sadəcə, Azərbaycandır. Həmçinin bu qapının olduğu yer də Azərbaycandır. Məhz bu səbəbdən Azərbaycan da Türk Dövlətləri Təşkilatının toplantılarına ev sahibliyi etmişdir.
Türk Dövlətləri Təşkilatının ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar və s. sahələrdə əlaqələrin inkişafında bundan sonra böyük rola sahib olacağına inanırıq. Ən əsası isə var olan əlaqələr daha da möhkəmlənəcək. Tanrı türk millətini qorusun və ucaltsın!
Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent