Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Q.Musabəyov adına 3№-li kitabxana filialının təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərimiz əbədidir!” adlı tədbir keçirildi.
Tədbirdə millət vəkili Aydın Hüseynov, Yasamal rayon MKS-inin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, Lətifə Məmmədova, tanınmış yazıçı, publisist, “Yazıçı Qadınlar Cəmiyyəti”nin sədri, “Yazıçı qadınlar” jurnalının təsisçisi və baş redaktoru, Q.R.Derjavin ordeni, bir çox ədəbi mükafatların laureatı Nüşabə Məmmədli, şəhid Xəqani Aslanovun oğlu Sadiq Aslanov, Qarabağ qazisi, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai birliyinin sədri Bəhruz Məmmədzadə, Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı, gənc rəssam Aytən Əliyeva, Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə Müslümova, şəhid Nicat Qarazadənin anası Nuridə Qarayevaya, ictimai fəallar Sahil Qarayev, Ravin Həsənov, E.Əliyev adına 93№-li tam orta məktəbin şagirdi Nuray Səlimova, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri kitabxana filialının müdiri Arzu Xudayarova açaraq 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanı haqqında məlumat verdi.
Millət vəkili Aydın Hüseynov çıxış edərək, sentyabrın 27-dən başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini bildirdi. O, Vətən müharibəsində Azərbaycan xalqı öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdiyini qeyd etdi.
Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədova öz çıxışında 44 günlük Vətən müharibəsindən, Qələbə və Zəfərimizə gedən yoldan, 23 saat 43 dəqiqə davam edən qısamüddətli lokal xarakterli antiterror əməliyyatlarından, Qarabağ münaqişəsinə, erməni separatizminə birdəfəlik son qoyulmasından, şəhidlərimizin və qazilərimizin igidlik və qəhrəmanlıqlarından, Vətən naminə fədakarlıqlarından danışdı.
Tanınmış yazıçı Nüşabə Məmmədli öz çıxışında bildirdi ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır. O həmçinin qeyd etdi ki, bu qəhrəmanlar haqqında əsərlər yazılmalı, filmlər çəkilməlidir. Çıxışının sonunda N.Məmmədli qeyd etdi ki, biz azərbaycanlı olduğumuz üçün fəxr edirik, bu gün xalqımızın oğul və qızları hamı başı papaqlıdır, Azərbaycanda yaşayan digər millətlərin oğulları da bizim haqq savaşımıza qoşulmuşdur.
Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə Müslümova, qisas əməliyyatı şəhidi Nicat Qarazadənin anası Nuridə Qarayeva bildirdilər ki, övlad dərdi nə qədər ağır və çətin olsa da, onlar qəhrəman, Zəfər dastanı yazan oğulları ilə fəxr edirlər, qürur duyurlar. Şəhid Xəqani Aslanovun oğlu Sadiq Aslanov öz çıxışında atası haqqında xatirələrini bölüşdü. Qazi, ”Xüsusi Təyinatlıların, Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə döyüş xatirələrindən danışdı. O qeyd etdi ki, belə igid, qəhrəman oğullar hər zaman fəxrimizdir. Onlar Vətən sevgisinin, qəhrəmanlığın bariz nümunəsidir.
Cəfər Cabbarlı ev muzeyinin direktoru Qəmər Seyfəddinqızı bu gün Zəfər Günündə şəhidlərimizə, qazilərimizə və bu gün sinəsini sipər edərək hər an Vətənin keşiyində dayanan əsgər və zabitlərimizə minnətdar olduğumuzu vurğuladı.
Gənc rəssam Aytən Əliyeva şəhidlərin qəhrəmanlıqlarını öz əsərlərində əbədiləşdirəcəyi haqqında danışdı. İctimai fəallar Sahil Qarayev, Ravin Həsənov qəhrəmanlıq dastanı yazan şəhidlərin, qazilərin, igid Vətən övladlarının həyatının, Vətən sevgisinin bütün gənclərə örnək olduğunu bildirdilər.
Balaca vətənpərvər Nuray Səlimova tədbirdə vətənpərvərlik və qəhrəmanlıq mövzusunda şeirlər söylədi.
Tədbirdə Zəfər Gününə və Şuşaya həsr olunmuş videoçarxlar nümayiş etdirildi.