Abşeron Olimpiya İdman Kompleksində karate üzrə “Qara dəniz” və “Xəzər dənizi” açıq turniri keçirilib.
Azərbaycan Karate Federasiyasının nəzdində fəaliyyət göstərən Milli Karate Federasiyasının klublarından biri olan Azərbaycan Karate Təşkilatının keçirdiyi yarışda, AKF-in vitse-prezidenti Rəhman Hətəmov, baş katib Qabil Sayadov, Hakimlər Komitəsinin sədri Oqtay Məmmədov, klubun rəhbəri Rənad Əliyev və digər fəxri qonaqlar iştirak ediblər.
Yarışda müxtəlif yaş kateqoriyaları üzrə 52 klubun 700-ə yaxın idmançısı iştirak edib. Komandaların 18-i turnirə bölgələrdən qatılıb.
Yarışın rəsmi açılış mərasimindən sonra həlledici görüşlər baş tutub. Sonda turnirin qalibləri diplom və medallarla təltif ediliblər.
Qeyd edək ki, turnirdə Rəfael Ağayevin Qara Brilliant klubunun idmançıları da çıxış ediblər. Klubun idmançılarını baş məşqçi Pərviz Quliyev müşaiyət edib. Klubun yetirmələrindən olan Nuray İbadova da yarışda I yerə çıxıb.