ABŞ prezidenti Co Bayden HƏMAS-ın İsrailə hücumunun hədəfini açıqlayıb.
Qaynarinfo “Reuters”ə istinadən xəbər verir ki, ABŞ lideri bu barədə oktyabrın 20-də özünün prezidentlik kampaniyası üçün ianə toplanması çərçivəsində təşkil olunan çıxışı zamanı deyib.
Baydenin sözlərinə görə, belə bir əməlin məqsədi İsrail və Səudiyyə Ərəbistanı arasında münasibətlərin potensial normallaşmasını pozmaq istəyi ilə bağlıdır.
Siyasətçi Səudiyyə Ərəbistanının İsraili “tanımaq” istədiyinə eyham vurub. Hazırda ölkənin Qüdslə rəsmi diplomatik əlaqələri yoxdur.
“HƏMAS-ın İsrailə hücum etməsinin səbəblərindən biri budur. Onlar bilirdilər ki, mən səudiyyəlilərlə danışıqlar masasına oturacağam. Təsəvvür edin, nə baş verib? Səudlar İsraili tanımaq istəyirdilır”, deyə Bayden bildirib.
Media yazır ki, Səudiyyə Ərəbistanı ilə digər ərəb dövlətləri arasında münasibətlərin potensial normallaşması ABŞ-ın hazırkı dövlət katibi Entoni Blinkenin fəaliyyətində bəlkə də ən yüksək prioritet olub. Məhz bu məqsədlə o, 2023-cü ilin iyununda Ər-Riyada (Səudiyyə Ərəbistanının paytaxtı) səfər edib. Baxmayaraq ki, Blinken o zaman etiraf edib ki, yaxın gələcəkdə bu məsələdə əhəmiyyətli irəliləyiş gözləməyə dəyməz.
Səudiyyə Ərəbistanı Yaxın Şərq dövlətidir və İslamın iki ən müqəddəs ziyarətgahına ev sahibliyi edir. 2020-ci ildə o, Körfəz qonşuları Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin İsraillə diplomatik əlaqələr qurmaq səylərini dəstəkləyib. Bu, ABŞ-ın keçmiş lideri Donald Trampın administrasiyası dövründə baş verib.