Zorlanan və öldürülən qızların anaları Rusiya prezidenti Vladimir Putinə açıq məktub yazaraq, ondan övladlarının qatillərinin niyə əfv edildiyini və Ukraynaya qarşı müharibədə qısa müddətli iştirakdan sonra azadlığa buraxıldıqlarını öyrənməyi tələb ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə analar “Vajnıye istorii” nəşrinin filmində oxuduqları müraciətdə deyilir.
.
“Biz vəhşicəsinə öldürülən, vəhşicəsinə zorlanan, qarət edilən, yandırılan qızların analarıyıq. <…> Qızlarımızı lazımsız mal kimi sıradan çıxarmayın. Bu, necə ola bilər? Qəddar qatillər, zorakılar və soyğunçular artıq azadlıqdadırlar. Qızlarımızın vəhşicəsinə qətlə yetirilməsini kim bağışlaya bilər?” – analar Putinə müraciət edir.
Onlardan biri ayrıca sual verib ki, niyə səfərbər edilmiş rusiyalılar Ukrayna ilə müharibənin sonuna qədər cəbhədə qalmalıdırlar, cinayətkarlar isə altı aydan sonra hərbi münaqişə zonasından azad oluna bilirlər. Öldürülən qızın anası həmçinin prezidentin özünün belə cinayəti bağışlaya bilib-bilməyəcəyini soruşub.
Qeyd edək ki, Putin 2022-ci ilin noyabrında ağır cinayətlər törətmiş qatillərin, quldurların, narkotik alverçilərinin və digər cinayətkarların müharibəyə göndərilməsinə icazə verib. Bundan əvvəl belə vətəndaşların səfərbər edilməsi qanunla qadağan edilmişdi. Lakin buna baxmayaraq, həmin şəxslərin müharibəyə cəlb edilməsini Rusiya Müdafiə Nazirliyi və “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin həyata keçirib.
Nəticədə, Rusiya həbsxanalarının sakinləri “tarixi minimuma” – təxminən 400 min nəfərə qədər azalıb, Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik komitəsi sədrinin birinci müavini İrina Pankina bildirib.
Putin daha sonra təsdiqləyib ki, keçmiş məhbusların əfv edilməsi haqqında fərmanları şəxsən imzalayır. “İnsan müharəbə vuruşur, dövlət bu insanlar qarşısında öhdəliklərini yerinə yetirmək üçün hər şeyi etməlidir. <…> Mən də əfv fərmanları imzalayıram”, – Putin qeyd edib.
Prezident etiraf edib ki, keçmiş məhbuslar yenidən residiv edirlər. “Bu, həyatdır, burada heç nə etmək olmaz, o öz sərt qanunlarını bizə diktə edir”, – Putin deyib.
O, həmçinin bildirib ki, müharibəyə gedən və dünyasını dəyişən məhkumlar törətdikləri cinayətlərə görə günahlarını yuyublar. “Demək istəyirəm ki, biz hamımız insanıq, hər kəs müəyyən səhvlər edə bilər, onlar bir dəfə səhv ediblər, amma vətənləri üçün canlarını veriblər və günahlarını tam yuyublar”, – Rusiya prezidenti bildirib.