Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri artıq ənənəyə çevrilmişdir. Ölkə başçısının bu dəfə səfəri Füzuli rayonuna olub. Prezident İlham Əliyevin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü rayon sakinlərinin yaddaşında unudulmaz bir gün kimi qalacaq. Dövlətimizin başçısı tədbirdə rayon sakinləri ilə səmimi söhbət edərək deyib ki, füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi: “Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”. Gənc nəslin öz ata-baba yurdlarında yaşamaq istəyi Azərbaycan gəncliyinin vətənpərvərlik hislərinin ən yüksək səviyyədə nümayişidir.
Bu fikiləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki,hazırda Böyük Qayıdış Proqramı uğurla icra edilir. Böyük Qayıdış Proqramının birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq.Dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur. Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir. Azərbaycan dövləti Lüksemburq və Livan kimi ölkələrdən daha böyük əraziləri xaricdən heç bir maliyyə dəstəyi almadan, yalnız öz iqtisadi gücü hesabına bərpa edir.
İşğaldan azad olunan ərazilərimizdə insanların rahat yaşaması üçün bütün məqamlar nəzərə alınmışdır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun.
Millət vəkili qeyd edib ki, cənab Prezident Füzuli sakinləri ilə görüşündə şəhidlərimizin xatirəsinə xüsusi ehtiramını çatdırıb. O çıxışında deyib: “Bu gün bu bayram gününü qeyd edərkən, təbii ki, əziz şəhidlərimizin xatirəsinə hamımız bir daha öz dərin ehtiramımızı ifadə edirik. Mən iki gün əvvəl Xankəndinin əsas, mərkəzi meydanında xalqa müraciət edərkən demişdim ki, bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir.” Bəli, döyüşən, sinəsini qabağa verən, Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri idi. Biz yaşadığımız bu qüruru, şərəfi onlara, onların şücaətinə, qəhrəmanlığına borcluyuq. Azərbaycan xalqı şəhidlərinin əziz xatirəsini hər zaman qəlbində yaşadır və yaşadacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Nəzərə alsaq ki, Birinci Qarabağ müharibəsi dövründə 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi.
Vətən müharibəsində gənclərimiz həqiqi vətənpərvərlik nümayiş etirdilər. Onlar Vətən, torpaq uğrunda canlarını qurban verməkdən çəkinmədilər. Vətən müharibəsi Azərbaycan xalqına bir daha göstərdi ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi olduqca önəmlidir. Gələcək nəsillərin də bu ruhda yetişməsi prioritet məsələlərdən biridir. Şəhidlərimizin qəhrəmanlığı gənc nəslin tərbiyə olunmasında olduqca mühüm amildir.Millət vəkili Tamam Cəfərova belə deyib.