Qazaxıstanın Almatı şəhərində “Erbol, Şəhid, Qarabağ” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov, Qazaxıstan Xarici İşlər Nazirliyinin Almatadakı səlahiyyətli nümayəndəsi, Türkiyənin və Azərbaycanın baş konsulları, səfirliyin diplomatları, Qazaxıstan Parlament Məclisinin deputatı, azərbaycanlı soydaşlarımız və ziyallılar iştirak edib.
Konkret.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Azərbaycanın Qazaxıstanda tanınmış iş adamlarından biri olan Amil Yusifovun dəstəyi ilə işıq üz görən kitab Birinci Qarabağ müharibəsinin 20 yaşlı şəhidi Erbol Barımbetovun həyat və döyüş yoluna həsr edilib.
Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov bildirib ki, Qarabağ sevdalı qazax yazıçısı Nasiha Fumarqızının qələmə aldığı kitabda 20 yaşlı Qazax qəhrəmanın ömür yolu ilə yanaşı Qarabağın uzaq və yaxın keçmişi də əks olunub. Diplomat qeyd edib ki, Nasiha Fumarkızı iki il əvvəl rus və qazax dillərində nəşr etdirdiyi “Qarabağ: evə gedən uzun yol” kitabı oxucular arasında böyük əks-səda doğurub. Onun Azərbaycan-Qazaxstan dostluq münasibətlərinin inkişafında öz töhfəsi var
Azərbaycan-Qazaxstan münasibətlərinə diqqət çəkən Ağalar Atamoğlanov ölkələrimizin strateji tərəfdaş olduğunu bildirib. Diplomat “Erbol, Şəhid, Qarabağ” kitabını qazax və Azərbaycan xalqlarının bir-birinin tarixinə və mədəniyyətinə olan dərin ilgisinin təcəssümü kimi qiymətləndirib.
Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənov Qarabağ münaqisənin tarixinə diqqət çəkib. O qeyd edib ki, 30 ildən sonra Qarabağın əsl sahibinə qovuşması dünya əhəmiyyətli tarixi hadisədir.
Türkiyənin Almatadakı Baş konsulu Erven Müderrisoğlu Azərbaycanla Türkiyə arasında strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrin regionun sülh, sabitlik və əməkdaşlıq məkanına çevrilməsində mühüm rol oynadığını deyib. Çıxışlarda Azərbaycanın Qazaxıstanla münasibətlərinə ətraflı yer verilib. Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursuna diqqət çəkilib. Qeyd olunub ki, dövlət başçısının xarici siyasətdəki bütün uğurlarının əsas sirri onun istisnasız olaraq, Azərbaycan xalqının milli maraqlarından çıxış etməsidir.
Kitabın müəllifi Qazaxıstan Yazıçılar Birliyinin üzvü Nasiha Kumarkızı Azərbaycana rəğbətindən söz açıb. Nasiha xanım 2020-ci ilin payızında 44 günlük şanlı Vətən Müharibəsində Azərbaycanın igid əsgər və zabitlərinin Şuşanı azad etməsi xəbərini sonsuz sevinc hissilə qarşılayıb, bu barədə sosial şəbəkələrdəki paylaşımlarında qəlbinin ən ülvi hisslərini dilə gətirib.
2021-ci il aprelin 16-da ona çoxdan arzuladığı xoşbəxtlik – Şuşanı öz gözləri ilə görmək səadəti nəsib olub. Yazıçı kitabın real faktlara əsaslandığını deyib.
Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndi şəhərinə, Xocalıya və işğaldan azad edilmiş digər bölgələrə səfəri və həmin ərazilərdə Dövlət Bayrağını ucaltması, eləcə də bu bölgələrdə həyata keçirilən islahatlar, erməni separatçıların aldıqları layiqli cəza, həmçinin Qarabağ bölgəsinin çiçəklənməsi ilə bağlı fikirlər səsləndirilib.
Azərbaycanın dostu, Qazaxıstan şairi, Oljas Süleymanovun adından yazıçı-publisist Nasiha Kamarkızına Azərbaycan-Qazaxstan mədəni əlaqələrinin inşikafındakı xidmətlərinə görə medal təqdim edilib.
Şəhid Erbol Barımbetovun ailəsinə Dünya Ahıska Türkləri Birliyinin başqanı Ziyəddin Həsənov və azərbaycanlı iş adamı Amil Yusifov adından mənzil hədiyyə olundu. Tədbirdə şəhidin qardaşı Nurbon Barımbetov qardaşının xatirəsinin əbədiləşdirlməsi istiqamətində atılan bu addımdan qürur duyduğunu deyib.
Sonda Qazaxıstanda yaşayan azərbaycanlı iş adamı Amil Yusifov “İgidliyə görə” ordeni ilə təltif edilib.
Yeri gəlmişkən qeyd edək ki, kitabda Erbolun 1992-ci ildə Azərbaycana gəlib torpaqlarımızın azadlığı uğrunda canını fəda etdiyi əhatəli şəkildə əks olunub. Müəllif yazrır ki, bir dəfə yaralanmağına baxmayaraq, o, yenidən döyüşlərə qatılıb. 28 il öncə bu gün 9 nəfərlik qrupla əməliyyata gedib. Əməliyyat zamanı 9 hərbçidən 8-i şəhid olub. Barımbetov Erbol Tulexanovıç şəhid olanlar arasında olub. Onun nəşi İkinci Fəxri Xiyabanda dəfn edilib.
Kitabda daha sonra məlumat verilir ki, Erbol 1992-ci ilin payızında yenicə müstəqillik qazanan Qazaxıstanın hərbi sıralarında xidmətə çağırılır. 6 ay müddətində Kapçekay hərbi desant bazasında əsgərlik xidməti keçir.
Lakin günlərin bir günü hərbi hissə komandanlığından Erbol Barımbetov Turexanoviçin hərbi hissəni özbaşına tərk etməsi barədə xəbər verilir. Erbolu axtarmağa başlayan atası Turexan övladının harada olması barədə heç yerdən xəbər öyrənə bilmir. Erbol artıq Qazaxıstanda itkin kimi qeydiyyata alınır.
Erbol bir qədər sonra 1993-cü il may ayının 7-də evlərinə telefon açaraq, deyir ki, “anama söylə, narahat olmasın. O gündən sonra ailə oğlundan bir xəbər eşitmir.
Birinci Qarabağ müharibəsinə könüllü qatılan Erbol 776-cı kəşfiyyat taborundə qəhrəmancasına Azərbaycan torpaqlarının azadlıq mücadiləsinə qoşulur. 20 yaşlı Qazax balasının məzarını onun doğmaları 3 il əvvəl aprel ayının 20-də Bakıda Şəhidlər xiyabanında tapırlar.
İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir