Türkiyə -Ermənistan sərhədləri açılır? – AÇIQLAMA

“Türkiyə ilə sərhədlər yalnız Ermənistan Azərbaycanla sülh müqaviləsi imzaladıqdan sonra açıla bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Ermənstan XİN nazirinin müavini Vaan Kostanyanın İrəvanın Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğu barədə fikrini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Türkiyənin Ermənistan qarşısında şərt qoyub, Azərbaycanla bütün problemləri həll etsin, yalnız bundan sonra sərhədlər açıla bilər:

“Ermənistan isə düşünür ki, Azərbaycanla aralarında olan münasbətlər artıq nizama salınıb. Görünən odur ki, İrəvan Azərbaycanla sülh müqaviləsi imzalamadan Türkiyə ilə sərhədlərin açılmasına tələsir. Bu da Ermənistanın izolyasiyadan çıxmağa çalışması və Qərblə əlaqələrinin sıxlaşdırılmasına hesablanmış addımdır. Halbuki bunu yalnız sülh müqaviləsi bağlandıqdan sonra etmək olar. İndilikdə Türkiyənin buna gedəcəyi gözlənilən deyil”.

Qabil Hüseynli hesab edir ki, Ermənistan bu açıqlamanı verməklə özünün prosesdə maraqlı olduğunu və ona əngəl olan qüvvənin isə Türkiyə olduğunu göstərməyə çalışır:

“Əslində isə, Türkiyə ilə sərhədlərin açılmasında maraqlı olan ölkə, ilk növbədə Azərbaycanla mövcud olan bütün problemləri həll etməli, sülh müqaviləsini imzalamalıdır. Hər şey, o cümlədən Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması da sülh müqaviləsinin imzalanmasından keçir. Bu nə qədər tez olacaqsa, Ermənistan üçün Türkiyə ilə sərhədlər də bir o qədər tez açılacaq. Sərhədlərin açılmasına hazır olan tərəf bütün şərtlərə əməl etməli, yubanmadan sülh sazişi imzalamalıdır. Ona görə də indilikdə top erməni nazir müavininin dediyi kimi Türkiyə tərəfində yox, hələ də Ermənistan tərəfindədir”.

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, bu ölkənin xarici işlər nazirinin müavini Vaan Kostanyan İrəvanın Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirib:

“İrəvan Türkiyə ilə sərhədlərin açılmasına hazırdır, top Türkiyə tərəfindədir”.

Comments (0)
Add Comment