Bu gün millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq. Saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda komandamız Avstriya yığması ilə qarşılaşacaq.
Millimizin sabiq futbolçusu Rəşad Abdullayev Qaynarinfo-ya açıqlamasında şansları dəyərləndirib, o cümlədən bir neçə gün əvvəl sözügedən mərhələdə səfərdə üzərində qələbə qazandığımız Estoniya ilə matçdan danışıb.
“Sonuncu dəfə komanda yaxşı oynadı. Estoniya dişimizə görə rəqib idi, səfərdə qarşılaşırdıq. Milli üçün yaxşı nəticədir. Son açıqlanan heyət də yaxşıdır. Estoniya üzərində qələbə onu göstərdi ki, Bakıda Avstriyaya qarşı rahat oynaya bilərik. Necə rahat? Avstriya ilə Bakıda oyunlarımız elə də pis alınmayıb. Heç-heçə edə, qələbə qazana bilərik. “Tofiq Bəhramov”da həm komandalarımız, həm də millimiz həmişə yaxşı oynayır. Motivasiyadan çox şey asılıdır. Belə oyunlarda əvvəlcə futbolçulara yaxşı motivasiya verib sonra meydana buraxmaq lazımdır. Son oyunlardır. Avstriyadan sonra Belçika ilə qarşılaşacağıq. Tsikli nəticə ilə başa vurmaq olar”.
Abdullayev De Byazinin baş məşqçi postundan gedib-getməməli olduğu haqda sualı belə cavablandırıb:
Ətraflı
“Məşqçinin işinə müdaxilə etmək istəmirəm. Mən də məşqçiyəm, eyni sahədə çalışırıq. O, artıq verilən qərardan asılıdır. Yəqin ki, ilin sonunda hesabat olacaq və məşqçinin vəzifəsində qalıb-qalmayacağı bilinəcək. Reallıq da var. Qrupumuz o qədər də asan deyildi. Əsas rəqibimiz belə baxanda Estoniya idi. Digərlərindən xal almaq imkanımız ola bilərdi. Sırf məşqçi işi ilə bağlı heç nə danışa bilmərəm. Keçmiş futbolçu kimi ancaq onu deyə bilərəm ki, mübarizə apardığımız qrup çətindir”.
Sabiq yarımmüdafiəçi heyətlə bağlı bunları deyib:
“Belə götürsək, bu da məşqçinin seçimindən asılıdır. Hansı futbolçu oyun sisteminə uyğundursa, onu komandaya götürür. Kimi start heyətində oynadırsa, bu da onun seçimidir. Ola bilər, başqa məşqçi gəlsin, tamam fərqli heyəti oynatsın. Elə futbolçular var ki, kənarda qalır, amma məşqçi onu ilk 11-likdə görmür. Stabil heyət idi, futbolçuların da əksəriyyəti legioner həyatı yaşayır. Fikrimcə, Estoniya ilə oyuna optimal heyətlə çıxmışdılar və belə davam edərlər. Oyun baxımından həm yerli, həm də legionerlərin bir-birini tamamladığını gördük”.