Aynurə Səfərova: “Qadının tək xilaskarı təhsildir. Qalan hər şey təhsildən sonra gəlir. Üstəlik, universitet tək təhsil vermir, həm də düşüncələrin rəndələnir. Heç kim “çətindir, bacarmaram” deməsin. Mən şor-çörək yeyə-yeyə, fəhləlik edə-edə bacardımsa, hər kəs bacarar”.
O, həyatında inqilab edən xanımlardandır. 25 yaşında, 15 yaşından etibarən ara verdiyi təhsilinə davam edib. Xadimə, uşaq baxıcısı, dükanda gecə növbətçisi, evlərdə təmizlikçi işləyə-işləyə həm ailəsinə dəstək olub, həm də arzuladığı qırmızı diploma sahib olub. Müsahibimiz öz həyat hekayəsi, mübarizliyi ilə təhsil almaq istəyən, “Daha gecdir” deyən hər kəsə, xüsusilə də xanımlara örnək olan Aynurə Səfərovadır.
“Çörəyin dadı hələ damağımdadır”
1990-cı ildə Ağsu rayonunun Daşdəmirbəyli kəndində anadan olub. Uşaqlığı yaddaşında kasıblıq, çətinlik dövrü kimi qalıb. Məhz kasıblığa görə də 9-cu sinifdən təhsilini yarımçıq qoyub: “O illəri unuda bilmirəm. Mən uşaqlıq deyiləndə ancaq aclıq xatırlayıram. O kəndin sakinləri də bilər, çox kasıb idik. Anam cehizlərini satıb un alırdı. 1995-ci ildə yediyim çörəyin dadı hələ damağımdadır. Anam acı mayadan çörək bişirmişdi. Dadı həddindən artıq turş idi, amma evdə heç nə olmadığı üçün yeyirdik. Məsələn, bizim heç vaxt oyuncağımız olmayıb. Palçıqdan qablar düzəldir, onunla oynayırdıq”.
“Qızım, səni oxutmağa maddi gücüm yoxdur”
Aynurə orta məktəbdə oxuduğu dövrlərdə də anasına kömək etmək üçün dərsdən sonra pambıq, günəbaxan sahələrinə gedərmiş. Bununla belə, bacısı ilə birlikdə kənddə “yaxşı oxuyan Səfərova bacıları” kimi tanınıblar: “Nə qədər işləsək də, məktəbdə yaxşı oxuyurduq. Atam hər dəfə valideyn iclasına qürurla gəlirdi. Deyirdi ki, nə olursa-olsun, sizi oxudacağam. Ali təhsilli olmağımız atamın arzusu idi”.
Lakin atasının erkən ölümü çətin həyatlarını daha da çətinləşdirib və Aynurə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb: “Atam traktor sürücüsü idi. Ağsunun bir çox kəndlərinin torpaq sahələrini o şumlayırdı. Amma xəstə idi. Heç vaxt unutmuram, 25 may son zəng günü idi. Anam böyrək həkiminə, atam mədə həkiminə getmişdi. Atam xəstəxanadan gəldikdə gördük ki, ağrıyır. Uşaqlıqda həmişə məni qarnına çıxarır, deyirdi ki, “Qarnımda şar var, o partlayanda mən öləcəyəm”. Düşünürdüm ki, zarafat edir. Son zəng mərasimindən evə gəldik, atam dedi ki, qızım, şar partladı, əmini çağır. Atamı qırmızı taksiylə apardılar, bir də qayıtmadı. Atam öləndə 11 yaşım var idi. 9-cu sinfə qədər çox böyük əziyyətlə gəldik. Nə geyimimiz olurdu, nə də yeməyimiz. Qohumlarımız da kömək etmədi, tək qaldıq. Sonra anam məni məktəbdən çıxardı, Bakıya gəldik. Yadımdadır, məktəbdən çıxanda direktor şəhadətnaməmi vermirdi. Deyirdi ki, “Mən bu şagirdi itirə bilmərəm, aparacaqsınız, oxutmayacaqsınız”. Ümidim var idi ki, şəhadətnaməmi alıb, Bakıda kollecdə oxuyaram. Lakin anam dedi ki, qızım, səni oxutmağa maddi gücüm yoxdur. Məktəblə vidalaşdım və Bakıda işləməyə başladım”.
“10 il sonra təhsil həyatıma başladım”
Anası xadimə, özü isə 15 yaşında Bakıda kisə düzəldilən sexdə işləyir: “Bir həftə gecə, bir həftə gündüz növbəsində işləyirdim. Hələ də əllərimdə oranın izləri var. Sonra quşçuluq fermasında bacılarımla birlikdə həm yaşayır, həm də işləyirdik. 10 il belə işlərdə çalışdım. Daha sonra çox ağır xəstəlik keçirdim, 6 ay xəstəxanada yatdım. Düşünürdüm ki, mən kiməsə pislik etməmişəm, Allah mənə bu xəstəliyi veribsə, mütləq bir səbəbi var. Xəstəxanada bir qızla tanış oldum və təhsil həyatıma başlamaq üçün 10 il sonra özümdə güc tapdım”.
Müsahibimizin palata yoldaşı məktəb qəzetlərindən birində işləyir, yaxşı göstəriciləri olan şagirdlərlə müsahibələr edirmiş. Aynurə də rəfiqəsinə kömək etmək üçün o müsahibələrə yollanıb. Deyir ki, elə bil o xəstəlik mənə şillə kimi dəydi ki, ayıl, artıq təhsil almalısan: “Müsahibə müddətində o uşaqlar danışdıqca, mənə motivasiya verirdi. Düşünürdüm ki, bu uşaqlar bacarırsa, mən də bacararam. 25 yaşım var idi. O qədər həvəslənirdim ki… Evə gəldim, dedim ki, “Ana, mən oxuyacam”. Anam yenə dedi ki, məni oxuda bilməyəcək. Təsəvvür edin, attestatım belə yox idi. Amma fəhləlik etdiyim günlərdə belə, hər dəfə metronun “Elmlər Akademiyası” stansiyasına çatanda, gözlərimi yumurdum ki, bir gün buradan tələbə kimi çıxacağam”.
“Ailə quracaqsan, təhsil almaq yadına düşməyəcək”
Anasının Aynurəni oxutmağa maddi gücü olmasa da, ona mənəvi dəstək olub. İşlədiyi yeməkxananın müdirinin qohumu o vaxtlar Bakı Dövlət Peşə Təhsil Mərkəzində direktor olub. Onun istiqamətləndirməsi ilə Aynurə burada təhsilini davam etdirib: “Anam bir illik ixtisas seçməyimi məsləhət gördü. Amma mənim məqsədim universitet olduğu üçün attestat almalı idim. Hətta bir müəllim anamla birlikdə mənə “Bu yaşda nə dərs oxumaq, ailə quracaqsan, təhsil almaq yadına düşməyəcək” dedi. Mənə mane olmamaları üçün ixtisas seçməyə tək getdim və 3 illik Peşə Təhsil Mərkəzinə qəbul oldum”.
“Qrup yoldaşlarımın 15, mənim 25 yaşım var idi”
2005-ci ildə məktəblə vidalaşan həmsöhbətimiz 2015-ci ildə yenidən parta arxasına keçir: “Təsəvvür edin, qrup yoldaşlarımın 15, mənim 25 yaşım var idi. Adaptasiya ola bilmir, uşaqlarla necə davranacağımı bilmirdim. Sonra sinif nümayəndəsi oldum. Mən də onlarla uşaq kimi oldum. Bütün tədbirlərdə, xüsusilə vətənpərvərlik tədbirlərində aktiv iştirak edirdim. Hətta o zamanki direktor Fikrət müəllim mənə “əsgər qızım” deyirdi”.
“Evdən şor-çörək gətirir, sinifdə gizlin yeyirdim”
Maddi dəstəyi olmadığı üçün peşə təhsil mərkəzində oxuduğu vaxtlarda da günlük işlərdə işləyib: “Məsələn, Yeni il qabağı marketdə “qar qız” kimi işləyirdim. Günümüzə 10 manat verirdilər, səhərdən axşama kimi dayanır, ayaqlarım donurdu. Hətta bir gün məni fəxri fərmanla təltif edəcəkdilər, işdə olduğum üçün auditoriyada fəxri fərmanımı ala bilmədim. 50 manat təqaüd alır, yol pulumu o təqaüdlə ödəyirdim. Dərsə getmək üçün lazım olan 4 nəqliyyat vasitəsinin ikisini istifadə edir, piyada gedirdim ki, maksimum az xərcim çıxsın. Hər gün Qala kəndindən Əhmədliyə gedirdim. Evdən şor-çörək gətirir, sinifdə gizlin yeyirdim. Amma müəllimlərimin sevimli tələbəsi olmağı bacarmışdım”.
O möcüzə baş verdi…
Aynurə çətinliklə olsa da, universitet xəyalına addım-addım yaxınlaşırdı. Lakin hazırlaşmaq qərarına gələndə nə dərs vəsaiti var idi, nə də müəllim yanına getməyə pulu: “Sosial şəbəkədə qadın qrupunda status yazdım. Oradakı xanımlar mənə kitab verdi. Yenə də həmin qrupdan Azərbaycan dili, ədəbiyyat fənnindən bir müəllim məni pulsuz hazırladı. Hətta bəzən müəllimim mənə xərclik də verirdi. Sonra tarix müəllimim məni təmənnasız hazırlayacağını bildirdi. İngilis dilindən isə bir xanım özü mənə aylıq ingilis dili fənnindən hazırlığın ödənişini edirdi ki, oxuyum. İmtahan verdim və o möcüzə reallaşdı. Bakı Dövlət Universitetinin kitabxana və informasiya ixtisasına qəbul oldum. Müəllimlərimin üzərimdə çox böyük əziyyətləri var. Onlara söz verdim ki, mən də işləyəndə imkanı olmayan şagirdlərin hazırlığına kömək edəcəyəm. Məncə, yaxşılıq da yoluxucudur. Onlar mənim həyatıma toxundu, mən də davam etdirəcəyəm”.
“Səhər dərsə, günorta ev təmizliyinə gedirdim”
Aynurə universitetdə oxuya-oxuya da işləməyə davam edib: “Səhər dərsə gedir, günortadan axşama qədər işlədiyim yerdə uşağa, ev işlərinə kömək edirdim. Hətta universitetə qəbul xəbərini də ev təmizliyinə gedəndə almışdım. Daha sonra bir marketdə xadimə kimi də işlədim. Bir qarın ac, bir qarın tox olurdum. Bununla belə, qışda soyuq havada qalan xəstə pişiyə də sahibləndim. Yeməyimi onunla böldüm. Bəzən düşünürəm ki, mən dilsiz heyvana ev oldum, Allah da məni yaxşı insanlarla qarşılaşdırdı”.
Bakalavrı bitirdikdən sonra bununla kifayətlənməyib, magistraturaya hazırlaşıb: “Yenə də işləyə-işləyə oxudum, magistraturaya qəbul oldum. Bakalavrı əla qiymətlərlə bitirdim. Hazırda magistraturanın 2-ci kursunda təhsil alıram və qırmızı diploma namizədəm. Hətta dövlət qulluğu imtahanından da müsahibə və test mərhələsini yüksək balla keçdim. 20 baldan 18 bal topladım. Seçdiyim vakansiyaya 404 insan müraciət etmişdi, yeganə 18 bal məndə idi. Hazırda Mədəniyyət Nazirliyinin ehtiyat kadrlar siyahısındayam. Ümid edirəm dövlət qulluqçusu olmaq arzum da reallaşacaq”.
“Bil ki, qızın bacardı…”
Aynurə tək öz arzusunu deyil, 11 yaşında itirdiyi atasının da arzusunu reallaşdırıb: “Atamın qəbrinin üstünə nadir hallarda gedirəm. Çünki söz vermişəm ki, onu diplomlarım, iş vəsiqəmlə ziyarət edəcəyəm və deyəcəyəm ki, ata, mən sənin arzunu yerinə yetirdim. Bil ki, qızın bacardı”.
“Evlilik gözləyə bilər, təhsil isə yox”
Aynurə özü kimi arzuları yarımçıq qalan, xilas yolunu ailə qurmaqda görən həmcinslərinə də səsləndi. Deyir ki, ona da dəfələrlə, “Ailə qur, sənin də arxa-dayağın olsun, təhsil almaq bu yaşdan sonra mümkün deyil” deyənlər olub: “Evlilik gözləyə bilər, təhsil isə yox. Hazırda 34 yaşım var və ötən il öz sevib, seçdiyim insanla nişanlandım. Bu yaşıma qədər çox elçi gəlib və anam da məni vermək istəyib. Amma məqsədim qəti idi və mən oxumalı idim. Xüsusilə, mənim vəziyyətimdə olan xanımların əksəriyyəti ailə qurmağa xilas olmaq kimi baxırlar. Heç bir xanım gələcəyini hansısa kişiyə etibar etməməlidir. Nə qardaş, nə ər, nə ata… Atam 33 yaşında rəhmətə gedib. Anam gənc yaşında 4 uşaqla tək qalıb. Həyatını necə əminliklə başqasına etibar edə bilərsən? Qadının tək xilaskarı təhsildir. Qalan hər şey təhsildən sonra gəlir. Üstəlik, universitet tək təhsil vermir, həm də düşüncələrin rəndələnir. Heç kim “çətindir, bacarmaram” deməsin. Mən şor-çörək yeyə-yeyə, fəhləlik edə-edə bacardımsa, hər kəs bacarar. İnsan hər şeyə qadirdir, əsas istəməkdir”.
Kaspi.az