“HƏMAS hərəkatının məqsədi dünyada dini müharibəyə başlamaqdır”.
Qaynarinfo xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Sky News” telekanalına bildirib.
Nazir qeyd edib ki, indi İsrail fələstinlilər və dinc əhali arasında itkilərdən yayınmalıdır. Belə hadisələrin qarşısının alınması İsrail hökumətinin maraqlarına uyğun olardı, çünki HƏMAS bu vəziyyətdən öz məqsədləri üçün istifadə edə bilər:
“HƏMAS açıq şəkildə bunu genişmiqyaslı ərəb-İsrail müharibəsinə, hətta müsəlmanlar və dünyanın qalan hissəsi arasında müharibəyə çevirmək istəyir”.
Eyni zamanda jurnalistlər nazirdən İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza zolağına müdaxiləsinin tarixin i soruşublar. Diplomatik idarənin rəhbəri müvafiq məlumata malik olmadığını bəyan etməklə yanaşı, quru əməliyyatının qaçılmaz olduğunu da qeyd edib.
Oktyabrın 15-də “The New York Times” qəzeti İsrail əsgərlərinin Qəzza zolağında quru əməliyyatının başlamasını bir neçə gün gecikdirdiyini yazıb. Nəşrin məlumatına görə, iki gün əvvəl İDF-nin kəşfiyyat qrupları qısa müddətə Qəzza zolağına daxil olub. Lakin həftəsonuna planlaşdırılan əməliyyatın başlanması rəsmi olaraq açıqlanmayıb. Materialda planın icrasının əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salındığı göstərilir.